İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işləri sürətlə reallaşır TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır"

Ermənilərin azərbaycanlılara qarşı qatı millətçi davranışlarının təməlində faşizm ideologiyasının dayandığını müasir dünyamızın bütün qitələrində olan insanlar bir daha görmüş oldu. Ötən əsrin 90-cı illərinin əvvəllərində qəddarlıqla azərbaycanlıların qanını tökmüş, minlərlə günahsız insanı qətlə yetirmiş ermənilər tariximizdən silinməyəcək Xocalı soyqırımını həyata keçirdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənilər Ağdaban faciəsini xalqımıza yaşatdılar. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. Kifayət qədər erməni vəhşiliyini sübuta yetirmək üçün tariximizdə faktlar var ki, onların hər bir ermənilərin faşist idelogiyasını təsdiq edir.

"AZƏRBAYCAN ÖZÜ ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETDİ"

Əlbəttə ki, bu gün dünya miqyasında söz sahibi olan Azərbaycanın iqtisadi gücü, hərbi qüdrəti, xalq-iqtidar birliyi dövlətimizin böyük gücə malik olduğunun təzahürüdür. 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünün göstəricisidir ki, xalqımız Zəfər tarixini yaşadı. Qorxaq, vəhşi erməniyə Azərbaycan oğulları döyüş məharətlərini, peşəkarlıqlarını göstərdilər. Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı "2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu", - deyərək, 44 günlük Vətən müharibəsinin Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndiyini diqqətə çatdırıb: "Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi".

"İŞĞAL DÖVRÜNDƏ HƏMİN ƏRAZİLƏRDƏ BÜTÜN ŞƏHƏR VƏ KƏNDLƏR, O CÜMLƏDƏN MƏDƏNİ VƏ DİNİ İRS ABİDƏLƏRİ ERMƏNİSTAN TƏRƏFİNDƏN YERLƏ-YEKSAN EDİLİB"

Tarixin dönəmlərindən bizə məlumdur ki, ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Artıq bu günün diqtəsi tamamilə başqadır. Azərbaycan dünyaya çıxmaq imkanına malikdir. Beynəlxalq qurumlar, təşkilatlar, ümumilikdə dünya dövlətləri Azərbaycan ərazisini tanıyır, ona hörmətlə yanaşırlar. Azərbaycan 90-cı illərin əvvəllərinin dövrü ilə müqayisəyə gələ bilməz. Ölkəmizin 44 günlük Vətən müharibəsində Zəfər qazanması bunun bir daha sübutudur. Bu gün işğaldan azad olunmuş ərazilərdə məscidlərimiz, mədrəsələrimiz, körpülərimiz, məbədlərimiz nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Dövlət başçısı "İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib", - deyərək, diqqətə çatdırıb ki, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir: "İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır".

30 ilə yaxın işğal altında olan ərazilərimizdə olan Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. erməni vandallığı ilə üz-üzə qalmışdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir. Əlbəttə ki, Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir.

"BU İL BU MƏQSƏDLƏRƏ DÖVLƏT BÜDCƏSİNDƏN 1,3 MİLYARD ABŞ DOLLARI AYRILMIŞDIR"

Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə yaşadır. Artıq Azərbaycanın Zəfər tarixindən bir il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Tarixi abidələrimiz təmir və bərpa olunur. Cənab Prezident çıxışı zamanı bildirdiyi kimi, "ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır".

Azərbaycan Böyük Qaydışı ilə dünyaya səs salıb. Qədim mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. Cəmi 8 ayda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Ərazilərdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Yol, nəqliyyat, enerji infrastrukturlarının geniş miqyasda həyata keçirilməsi, ermənilər tərəfindən dağıdılmış məscidlərin, müxtəlif icmalara məxsus dini abidələrin bərpa və təmiri işğalçı Ermənistana zərbədir. Bu uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi, qətiyyəti ilə reallaşır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə