“Mövqeyimiz bəllidir və Brüssel görüşündə onu bəyan edəcəyik” DEPUTATIN AÇIQLAMASI

Soçi görüşü Azərbaycanın qarşıya qoyduğu tələblərə cavab verən bir görüş oldu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında deputat Elman Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, məqsədimiz nə idisə, Soçi görüşündə onların əksəriyyətinə nail olduq.

“Sərhədlərin delimitasiyası, demarkasiyası məsələsidir, Zəngəzur dəhlizidir və müəyyən başqa məsələlərdir ki, bunlar Azərbaycanın istədiyi qaydada cavablandırıldı. Bu, Azərbaycanın təbii ki, böyük uğurudur və Soçi görüşünün ardınca, Aşqabadda keçirilən tədbirdə tədbir iştirakçılarının da bu məsələdə fikrlərinin müsbət olması bunun əyani sübutu oldu, yəni Aşqabad görüşünün özü də çox əhəmiyyətli görüş oldu. Brüssel görüşü öncəsi Soçi görüşü, belə deyək ki, Rusiya üçün daha böyük əhəmiyyət kəsb edirdi və nə üçün? Rusiya bu məsələdə və bölgədə özünün nüfuzunu qoruyub saxlamaq üçün, özünün vasitəçi kimi çəkisini, əhəmiyyətini saxlamaq üçün çox ədalətli və sərt mövqe ortaya qoymalı idi Soçidə və qoydu da. Bu elə Ermənistan rəhbərinin o fizionomiyasından, sir-sifətindən, duruşundan, baxşından, oturuşundan çox aydın sezilirdi və sonda imzalanan bəyannamə də bunu təsdiq elədi. Təbii ki, Azərbaycan bütün görüşlərə razılığını verir ki, görüş olsun və biz çalışırıq görüşdə öz tələblərimizi qoyaq. Qalib dövlət kimi də biz öz tələblərimizi qoyuruq və biz məramımızı aydınlaşdırırıq, bəyan edirik ki, biz bölgədə sülh olmasını istəyirik. Biz istəyirik ki, dayanıqlı sülh olsun, biz istəyirik ki, bu müharibə səhifəsi çevrilsin və artıq Ermənistan bu düşmənçilikdən, cürbəcür qərəzli iddialarından əl çəksin və qonşuluğa, tərəfdaşlığa, mehriban, sülh şəraitində yaşayışa başlanılsın. Ermənistandan da bunu gözləyirik. Cənab Prezidentimiz Soçi görüşündə bunu dedi. İndi Ermənistan belə deyək, bu Brüssel görüşünə çox can atırdı və razılıq verirdi, çünki Erəmənistan ondan bir qədər əvvəl 9 noyabr görüşünü pozmuşdu və Qərbə istiqamətlənmişdi. Yəqin ki, 26 noyabr tarixində Ermənistan dərsini aldı Rusiya tərəfindən və yeri göstərildi ki, onları tarix boyu qoruyan da, yaradan da, saxlayan da Rusiyadır, Qərbdən onlara kömək yoxdur və Nikol Paşinyana bunu başa salmaq istədilər və başa saldılar da.

İndi Brüssel görüşünü təşkil edənlər də yəqin ki, humanitar sahədə, sülh haqqında danışacaqlar. Bunu dəfələrlə səsləndiriblər ki, sülh olsun. Ancaq burada qərəzli mövqelər də ola bilər. Məsələn, nə, hansı mövqelər ola bilər? Yəni, bu Qərb dövlətləri başda olmaqla, o cümlədən Amerika Birləşmiş Ştatları da həmişə olduğu kimi, müharibədən sonrakı dövrdə də hansısa bir status məsələsini ortaya atırlar həmişə, müəyyən bir əsası olmayan fikirlər səsləndirirlər ki, guya bu problem hələ həllini tapmayıbdır. Ancaq bunlar cənab Prezidentimizin dediyi kimi, artıq tarixin arxivinə, zibil yeşiyinə atılıbdır.

Biz öz mövqeyimizi müdafiə edəcəyik, sözümüzü deyəcəyik. Sözümüzü hər dəfə demişik, mövqeyimiz ortadadır, bəllidir, yenə də Brüssel görüşündə onu bəyan edəcəyik. Orada da bizə nəyi isə sırımaq istəyə bilərlər. Onsuz da Qərbin peşəsidir Azərbaycan əleyhinə nələrsə, müəyyən qarayaxma kampaniyaları, müəyyən təzyiqlər, müəyyən məsələlər ortaya atır, ancaq Azərbaycanın mövqeyi məlumdur və dəyişməzdir. Ermənistan nələrsə gözləyir Brüssel görüşündən? Gözləyir ki, məsələn, qondarma statusla bağlı, sərhədlə bağlı bəlkə Azərbaycanı nəyə isə məcbur etmək istəsinlər. Ancaq bunlar da alınmayacaq, çünki, Soçi görüşü Brüssel görüşünü belə deyək, bir növ görüş xatirinə görüşə çevirdi. Ancaq yenə də qoy olsun və bu görüşdən də biz istəyirik ki, görüşün təşkilatçıları da ədalətli mövqedə olsunlar. Çünki, biz onların bu 30 ildə ədalətsizliyini də, saxtakarlığını da, riyakarlığını da görmüşük və nəticə çıxarmışıq. İndi Brüssel görüşündə nə olacaqdır, onu gələcək göstərər”, deyə Elman Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə