Soçi görüşündən sonra Brüssel görüşü nə vəd edir? - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsinə dair əsas məqamları özündə əks etdirən iki bəyannamə 10 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə imzalanıb. Bəyannamələr ümumilikdə münaqişənin bitməsinə dair əsas məqamları və eyni zamanda post-münaqişə dövrünü əhatə edən əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edən tədbirlər kompleksini özündə ehtiva etməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputatın sözlərinə görə, hər iki bəyannamənin əsas məqsədi uzun illər bu coğrafiyada münaqişəyə səbəb olan məsələlərin aradan qaldırılması, həmçinin region üçün növbəti mərhələnin başlanması və həmin bu mərhələdə sülhün, əməkdaşlığın dayanıqlı şəkildə inkişaf etdirilməsinə nail olmaqdan ibarət idi: “Bu il ərzində istər Cənubi Qafqaz regionunda, istərsə də daha da genişləndirilmiş bölgədə baş verən siyasi və iqtisadi proseslərə nəzər salsaq çox aydın şəkildə görünəcək ki, yeni dünya düzəninin quruluşu istiqamətində atılan addımlar fonunda Azərbaycanın apardığı siyasət həm genişmiqyaslı, həm də çox uzun müddətə düşünülmüş strategiya üzərində reallaşmaqdadır. Həmin strategiyanın tərkib hissəsi olaraq artıq bölgədə aparılan quruculuq işləri və regionun bundan sonra stabil, perspektivdə bütün dünya ölkələrinə əməkdaşlıq üçün açıq bir region kimi tanınması istiqamətində Azərbaycanın səyləri danılmazdır”.

R.Məmmədov vurğulayıb ki, ölkə rəhbəri cənab İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi əsas fikirlər də ondan ibarətdir ki, biz yeni mərhələyə qədəm qoymuşuq və bu mərhələ sülh, inkişaf və perspektivlə dolu imkanlar vəd edən bir dönəmdir: “Soçi görüşü öncəsi baş verən hadisələr istər qonşu dövlətlərin daxili siyasəti prizmasına, istər qlobal siyasət nöqteyi-nəzərdən baş verən proseslər deməyə əsas verir ki, Soçidə imzalanmış bəyanat və ondan sonrakı mərhələrə gözlədiyimiz Brüssel görüşü ümumilikdə qeyd etdiyimiz qlobal siyasətin tərkib hissəsi olaraq ölkənin stabil və inkişaf edən dinamikasına töhfə verməyə xidmət edəcəkdir. Bu istiqamətdə bundan sonrakı mərhələlərdə də biz bir neçə bu cür görüşün şahidi ola bilərik. Bunlar da iki ölkə arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, beləliklə də bölgənin gələcəyinə yönəlmiş əsaslı, eyni zamandan inkişaf dinamikasını təmin etməkdən ibarət olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə