Soçi və Brüssel görüşündən gözləntilər NƏDİR? - POLİTOLOQ ŞƏRH ETDİ

“Soçidə olacaq bu görüşlə bağlı gözləntilər çoxdur və əsas məqam, əsas intriqa Ermənistan rəhbərinin, hökumət başçısının orada necə davranması məsələsidir. Çünki, iki-üç gün qalmış artıq onun verdiyi müsahibələrdə təzadlı məqamlar üstünlük təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, digər tərəfdən o bildirir ki, guya üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin adı sadalanmır, çəkilmir və bu Ermənistanın xeyrinə deyil: “Ermənistan rəhbəri hələ o görüş olmadan artıq bəhanələr axtarır ki, özü üçün yumşaldıcı motivləri hardasa tədarük etsin, onlara hazırlasın ki, ölkəyə qayıdanda buna qarşı etiraz dalğaları qalxmasın. Amma görüşün mahiyyəti ilə bağlı əsas məsələ nədir? Məsələ ondan ibarətdir ki, Ermənistanın rəhbəri bu proseslərdə birincisi öz verdiyi vədlərə əməl etməyə hazır olmadığını nümayiş etdirir, digər tərəfdən də icraata qəbul olunmuş qaydalarla, hədəflərlə bağlı hardasa etinasız yanaşma sərgiləyir. Çünki, faktiki olaraq bu proseslərin hamısında dayaq nöqtəsi kimi həm 2020-ci ilin noyabrın 10-da qəbul olunmuş bəyanatdır, digər tərəfdən də 2021-ci ilin yanvar ayında qəbul olunmuş bəyanatdır ki, o da artıq yol xəritəsi anlamına gələn bir sənəddir və onun üzərində artıq baş nazirlərin müavinləri hardasa əməlli sürətdə çalışırlar”.

Politoloq sözlərinə belə davam edib: “İndi bilirsiniz ki, Rusiya baş nazirinin müavini Averçuk ölkəyə gəldi-getdi, Ermənistanda çox da uzunmüddətli danışıqlar aparmayıb, sadəcə Ermənistan tərəfi xəbərdar edib ki, artıq Soçi görüşündə icraatla bağlı konkret məsələlər həllini tapmalıdır, hətta sənədlər imzalanmalıdır. Söhbət delimitasiya və demarkasiya prosesindən gedir ki, bu işdə də Ermənistan hələ də ikibaşlı oyun oynamağa cəhdlər göstərir. İndi əgər Soçi şəhərində hər hansı bir sənəd imzalanacaqsa deməli, Ermənistan tərəfinin üzərinə böyük məsuliyyət düşəcək və o icraatdan qaça bilməyəcək. İndi hələ ortada elə bir sənəd yoxdur deyə Nikol Paşinyan gah mıxa, gah nala vurur, mətbuat konfransında özü-özünü təkzib edir, bildirir ki, guya Ermənistanı hər hansı bir məqamlar xeyrinədir, hər hansı məqamlar xeyrinə deyil və burada həm də başlıca məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bilirsiniz ki, 1991-ci ildə MDB ölkələrinin rəhbərləri razılaşmaya münasibət bildirdikdə həm müvafiq sənədlərə qol çəkdilər və eləcə də avtomatik olaraq Ermənistan Azərbaycanın, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıdı. Söhbət 1991-ci ildə qəbul olmuş sənədlərdən və danışıqlardan gedir. Ona görə də indi artıq Nikol Paşinyan Ermənistanda daxili auditoriyanı sabitləşdirməkdən, rahatlamadan ötəri yada salır ki, guya bu məsələ mənim səlahiyyətimdə deyil. Biz onsuz da avtomatik tanımışıq. Çünki delimitasiya, demarkasiya və Azərbaycanın ərazi bütövlüyünü yenidən tanımalı olsa bu o deməkdir ki, Dağlıq Qarabağ məsələsi ümumiyyətlə heç müzakirə obyektində deyil. Halbuki, biz bilirik ki, bu həqiqətən də belədir. Niyə? Çünki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Ermənistanın bütün iddiaları və bütün gözləntiləri bu xüsusda hamısı əsassızdır və digər tərəfdən də əgər bu bir yığın erməni Xankəndində, ətrafında yaşayırsa onların bu status məsələsi ümumiyyətlə heç gündəmdə də yoxdur”.

“Bizim rəhbərliyimiz, Prezident İlham Əliyev açıq-aşkar bildirdi ki, bu məsələyə biz bir də qayıtmayacağıq. Yəni, bu həm də Rusiya tərəfindən qəbul olunmuş bir yanaşmadır. Odur ki, indi Soçi şəhərində hər hansı bir sənədlər əgər imzalanacaqsa, hər hansı razılaşmalar əldə olunacaqsa artıq Ermənistanın rəsmi İrəvanın üzərinə böyük məsuliyyət düşəcək ki, o, bəhanə axtarmadan həmin o razılaşmalara həm riayət etsin, həm də onların icraatını təmin etsin. Düzdür, burada indi Ermənistan rəhbərliyinin həm də böyük ümidləri var ki, dekabr ayında Brüsseldə görüş keçiriləcək o da elə Ermənistanın daha çox xahişi ilə qəbul olunmuş qərardır. Çünki, orada şərq tərəfdaşlığı çərçivəsində altı ölkənin həm də görüşləri keçirilməlidir. Azərbaycan bu görüşlərdən çəkinmir, qorxmur. Çünki, bizim ümumiyyətlə elə bir problemlərimiz yoxdur. Çünki, biz əsas problemimizi həll etmişik və indi burada məsələ Avropa ittifaqıdır. Sonra ABŞ-ın ölkəmizdə gedən proseslərə münasibəti necə olacaq bu ikinci məsələdir. Amma bir halda ki, Rusiya Federasiyası bu proseslərdə baş moderatorluq funksiyasını öz üzərinə götürüb və proseslərdə ölü nöqtədən çıxarmağa çalışır. Bununla da həm də heç bir işə yaramayan Minsk qrupunun həmsədrləri digər iki həmsədri artıq gərək başa düşsünlər ki, həllini tapan məsələlərə bir də qayıtmağın yeri yoxdur. Çünki, bir halda ki, Rusiya bu prosesləri artıq öz səlahiyyətində saxlayır, Azərbaycan rəhbərliyi ilə, Prezident İlham Əliyevlə tam anlaşma şəraitində bu proseslərin hamısının həm həlli ilə, həm gələcəyi ilə bağlı mövqelərini tutuşdurur və bizdə heç bir narazılıq, anlaşılmaz məqamlar yoxdur. Ona görə bir növ burada proses tam aydınlıq şəraitinə oturuşur.

Düzdür, burada Ermənistan təbii ki, cığallıq edib, edəcək və bu gün də edir. Onun mövqeyi bir o qədər də önəmli olmayacaq. Çünki, birincisi söz sahibi Azərbaycandır. Rusiya bizi bu proseslərdə dəstəkləyir. Həm də ona görə biz bu səlahiyyəti öz üzərimizə götürmüşük ki, çünki artıq hərbi kampaniyada qələbə çalmışıq və Ermənistanın heç bir iddiası da təmin olunmayacaq və ümumiyyətlə onların səsləndirilməsi də yersiz, lazımsız məsələyə çevrilir. Odur ki, Soçi görüşündən sonra biz bir daha Ermənistanın nə dərəcədə ciddi olub-olmamasını özümüz üçün müəyyən edəcəyik, tək biz yox, həm də Rusiya Federasiyası digər ölkələr də bunu anlayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə