Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır FOTOLAR

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır FOTOLAR

YAP Qax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə video-konfrans keçirib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüblər.

Konfransı giriş sözü ilə YAP Qax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Natiq Allahverdiyev açaraq qeyd edib ki, Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür. 29 il öncə ölkəmizdə yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün öz missiyasını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirərək, misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrilmişdir.

Sonra N.Allahverdiyev "Yeni Azərbaycan Partiyası - dövlətə və xalqa xidmət missiyası" mövzusunda məruzə edib. Məruzədə Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 29 ildə keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan geniş bəhs olunub. Konfransda çıxış edən Qax rayon təhsil şöbəsinin müdiri Babək Heydərov, II Qarabağ Müharibəsi iştirakçısı, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, Cəlayir kənd ərazi ilk partiya təşkilatının sədri Xalid Heydərov öz sıralarında 760 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən, 29 ildə keçirilən seçkilərdəki qələbələrindən, beynəlxalq əlaqələrindən, Qarabağ savaşındakı qələbəmizdən danışıblar.

Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikamızın Prezidenti, YAP Sədri Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində regionda analoqu olmayan ümumxalq partiyasına çevrilib. Müasir və müstəqil Azərbaycanın uğurlarının əsası YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində qoyulub. Azərbaycan regionda söz sahibi, əzəmətli dövlətə çevrilib. Bu gün güclü, əzəmətli dövlətə çevrilməyimizdə əvəzsiz rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasını Zəfər çalmış bir xalq kimi qələbə əzmi ilə qürurla qeyd edirik. Və əminik ki, möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasının uğurları davamlı olacaqdır. M.Şəkiliyev Yeni Azərbaycan Partiyasının hər bir üzvünü partiyanın yaranma günü münasibətilə təbrik edib və partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə