Rusiyalı politloqlar Ermənistan rəhbərliyini “ağ yuyub”, “qara sərdilər”
Ermənistan ictimai rəyinin davamlı olaraq Rusiyanı ittiham etmələri, məhz rusların ermənilərə görə müharibə aparmalı olduqlarını tələb kimi səsləndirmələri Rusiyanın ictimai-siyasi rəyində anlaşılmazlıq yaratması ilə yanaşı, həm də aktual mövzulardan birinə çevrilib. “Axı nəyə görə ruslar ermənilərin maraqlarına görə döyüşməlidirlər?” sualı kontekstində cavablar axtaran Rusiya politoloqları və siyasi ekspertləri bir sıra maraqlı nəticələrə gəlir, erməni tərəfinin belə bir iddialarla, tələblərlə çıxış etmələrini absurdluq adlandırırlar.
Aleksandr Razuvayev: “Ermənistanın belə bir mövqeyi ucuz şantajdır və Moskva heç vaxt buna getməz”

SİA xəbər verir ki, mövzu ilə bağlı çıxış edən tanınmış ictimai xadim, rusiyalı iqtisadçı və politoloq Aleksandr Razuvayevin sözlərinə görə, Ermənistanın belə bir mövqeyi ucuz şantajdır və Moskva heç vaxt buna getməz. O, hesab edir ki, Ermənistanın özü müharibə edə bilmir və buna görə də başqalarının onların yerlərinə savaşa qatılmalarını istəyir. “Əgər hansısa xalq öz ölkəsinə görə döyüşmək istəmirsə, bu, onu göstərir ki, həmin xalq ya qorxaqdır, ya da çarəsizdir”, deyən Razuvayev əlavə edib ki, erməni ordusunda savaş ruhu çox aşağı səviyyədədir: “Erməni diasporuna isə onların vətənlərinin taleyi ümumiyyətlə maraqlı deyil. Halbuki, say baxımından erməni diasporunun sayı Ermənistan əhalisinin sayından çoxdur və kifayət qədər maliyyə imkanları mövcuddur. Anlaşılmayan səbəblərə görə Ermənistan hesab edir ki, ona görə KTMT ölkələri döyüşməlidirlər. O cümlədən, türk dövlətləri olan Qazaxıstan və Qırğızıstan da daxil olmaqla”.
Rusiyalı ekspert: “Doğru olardı ki, Rusiyada da Türk Dövlətləri Təşkilatına daxil olsun, Azərbaycanla Türkiyə isə Avrasiya İqtisadi Şurasına”
Rusiyalı ekspert əlavə edib ki, Rusiyanın özündə də türk mənşəli respublikalar var- Tatarstan, Başqırdıstan, Yakutiya və s. Eyni zamanda, Yeltsin və Qraçov dövrləri ömürlük geridə qalıb, Rusiya heç vaxt başqalarının maraqlarına görə müharibə aparmayacaq: “Ermənistanın mövqeyi ucuz şantajdır və Moskva heç vaxt və əsla buna getməyəcək. Lakin əlbəttə ki, belə bir tələblər Kremli qıcıqlandırır. Misal üçün, Belarus Moskvadan iqtisadi prefens xahiş edir, ancaq öz problemlərini özü həll edir. Məsələn, nə NATO, nə də ayrılıqda Fransa Ermənistan üçün hərb etməyəcək. Onlar dəli deyillər. Onlardan hər hansı müsbət məsələlər də gəlmir. İşləri ancaq Şərqlə münasibətləri pozmaqdır, hansı ki, Şərq get-gedə daha vahid və güclü olmağa başlayır”.
Razuvayev xatırladıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası VIII İstambul sammitində Türk Dövlətləri Təşkilatını elan etdi və hazırda Təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, müşahidəçi kimi Macarıstan daxildir. Sammitin işi zamanı Türkmənistan da müşahidəçi ölkə olaraq təşkilata qəbul olundu. “Doğru olardı ki, Rusiyada da Türk Dövlətləri Təşkilatına daxil olsun, Azərbaycanla Türkiyə isə Avrasiya İqtisadi Şurasına. İnaniram ki, gec, ya da tez bu baş verəcək. Ermənistan müharibəni uduzdu, problemləri isə onun özünün problemləridir”, deyə Aleksandr Razuvayev bildirib.
Stanislav Tarasov: “Qırğızlar ermənilərin yerinə döyüşməlidirlər?”

Rusiyadan olan digər tanınmış siyasi analitik Stanislav Tarasov da demək olar ki, həmkarı ilə eyni fikri bölüşüb və bildirib ki, ermənilərin özləri döyüşmək istəmirlər, amma KTMT-ni köməyə çağırırlar.
“İndi necə olsun, onlara qırğızlar və qazaxlar köməyə gəlsinlər? Qırğızlar onların yerinə döyüşməlidirlər? Ümumiyyətlə, əgər ermənilər hesab edirlərsə Qərb onların yerinə hərb edəcək, onda buyurun, dəvət edin. Məgər onlara kimsə mane olur? Başqa xarici partnyorlar istəyirsiniz? Buyurun! Rusiya sizə mane olmayacaq”, Sranislav Tarasov rezümə edib.
Bununla yanaşı o bildirib ki, Moskva Bakı ilə İrəvan arasındakı sərhəd münaqişəsini Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi, yaxud müttəfiqinə qarşı aqressiyanın edilməsi qismində görmür.
Qriqori Trofimçuk: “KTMT 2018-ci ildə İrəvana daxil olar bilərdi”

Rusiyalı politoloq, xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk isə mövzu ilə bağlı bildirib ki, İrəvanın danışıqlar prosesini pozması və sonradan Rusiyanın KTMT çəçrivəsində hərbi dəstəyinə ümidlənməsi növbəti böyük yanlışlıqdır. “Paşinyan hələ də anlaya bilmədi ki, müvafiq hərbi blokun Ermənistan da daxil olmaqla hadisələrə öz baxışı var. KTMT-nin fərdi olaraq Paşinyana öz sualları var, hansı ki, Paşinyan hakimiyyətə yiyələnməsi üçün vaxtilə özünün radikal fəalları ilə ölkənin bütün kommunikasiyalarını total diversiyalarla blokadaya salmışdı. KTMT həmin vaxt tam mənada İrəvana daxil ola bilərdi ki, yaranmış destabillik sonrakı müddətdə regiona öz təsirlərini göstərməsin. Lakin KTMT buna getmədi, ona görə də hazırda olanları görürük. Əgər 2018-ci ilin yazında yalnız Paşinyanın özü blokadaya salınsaydı artıq bu gün bütün region blokadadan çıxardı. Erməni baş nazir fasiləsiz olaraq Rusiyadan yardım istəyir ki, sonradan Qərbdən yardım alması üçün əlində əsası olsun”, deyə Trofimçuk bildirib və prinsipcə, bunun baş verdiyini deyib.
Göründüyü kimi, artıq Paşinyanın haraya əl atmasına baxmayaraq heç bir dövlət və qurumlar onun “kömək edin” çağırışlarına məhəl qoymurlar, xüsusilə Rusiya və ona bağlı olan müvafiq qurumlar və təşkilatlar. Bütün bunlar isə həm də onu sübut edir ki, artıq Ermənistanın mövcud vəziyyətdə 44 günlük müharibədən sonra növbəti dəfə diz üstünə çökməsi faktı reallaşır. Hətta bu reallığı noyabrın 16-da baş vermiş erməni təxribatından sonra Azərbaycan Ordusu tərəfindən saxlanılan erməni əsgərinin diz çökməsi faktı təsdiq edir – bu, bir erməni əsgərinin deyil, bütövlükdə regiondakı inkişafı destabilliyə doğru sürükləməyə çalışan və məğlub olan Ermənistanın diz çökməsi kimi tarixə yazıldı.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB