"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ tanımır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Dünən sərhəddə erməni təxribatı nəticəsində olan gərginlik müəyyən şəkildə sakitləşərək atəşkəs elan olundu. Düşünürəm ki, təxribat edən və mərkəzdən idarə olunan revanşist qüvvələr bir daha Azərbaycanın gücünü hiss etdilər. Azərbaycanın Şanlı Ordusu bir daha öz gücünü göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, hələ ki, Ermənistanla sülh müqaviləsi bağlanmayıb: “Bu o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ tanımır. Həmçinin, sərhədlərlə, delimitasiya və demarkasiya ilə bağlı komissiya yaranmayıb. Belə təxribatlar ola biləcəyi istisna deyil”.

Ekspert sözlərinə belə davam edib: “Digər tərəfdən qeyd edim ki, artıq Ermənistanda təxribat törətmək istəyən qüvvələr biləcəklər ki, nə ilə rastlaşacaqlar. Azərbaycanın “Dəmir yumruğ”u onları gələcək addımlardan çəkindirəcək. Çünki, bilirik ki, Ermənistan ordusu elə bir durumda deyil ki, hansısa iri miqyaslı təxribatlar aparsın və ya müharibəyə başlasın”.

“Digər tərəfdən də Azərbaycan 30 illik müdafiə xəttini 44 gün ərzində dəf edərək ərazi bütövlüyünü bərpa etməyə qadir oldusa, indi isə Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədini quraraq və qoruyaraq müdafiə xarakterli döyüşlər apararaq, cavab tədbirləri görürlər”.

“Bundan sonra Azərbaycan Ordusunun bölmələri Azərbaycan sərhədini qorumağa davam edəcək və sərhədi qorumaq üçün lazım olan tədbirləri görəcəklər. Orada möhkəmlənmə işləri aparacaqlar. Əgər yenə də belə bir addım atılsa, əlbəttə ki Azərbaycanın cavabı həmişəki kimi qəti və təsirli olacaq”.

“Düşünürəm ki, digər tərəfdən bu fakt müəyyən şəkildə Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsini sürətləndirə bilər. Həmçinin, delimitasiya və demarkasiya məsələsi ilə bağlı komissiyaların işə başlaması istisna olunmur. Ermənistanın bir dövlət olaraq siyasəti heç vaxt müstəqil olmayıb. Onlar həmişə xaricdən və digər qüvvələrdən asılı olublar. Dünənki cavab da həmin o ölkələrə bir ismarıcdır ki, Azərbaycan tərəfi öz torpaqlarını qorumağa qadirdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə