"Tindən gizlənib əsgərə qumbara atmaq şərəfsizlikdir" - MÜSAHİBƏ

Hərbi ekspert Ədalət Verdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Son günlər Qarabağda vəziyyət gərginləşib və erməni tərəfi ard-arda təxribata əl atır. Qarabağda nə baş verir və bu təxribatlar nəyə hesablanır?

- Zəfər Günü ərəfəsində erməni tərəfi daha çox təxribatlara əl atır. Digər bir tərəfdən, ermənilərin Kəlbəcər və Laçın istiqamətində hər gün və intensiv şəkildə atəşkəsi pozmaları ilə rastlaşdıq. Başqa bir məsələ, Daşaltı postunda, yəni bizim postumuza ermənilər tərəfindən əl qumbarasının atılması və üç əsgərimizin yaralanması məsələləri da var. Bunları saymaqla bitmir. Onlarla belə faktlar saymaq olar. Bu bir daha göstərir ki, erməni tərəfi hələ də qələbə qazanan Azərbaycanın tələblərini qəbul, öz məğlubiyyətini etiraf, birgə bəyannatın şərtlərini isə yerinə yetirmək istəmir. Sərhəd delimitasiyasından tutmuş, erməni silahlıların Qarabağdan çıxarılmasına qədər bir çox proseslər ermənilər və bu proseslərə nəzarət edəcək sülhməramlılar tərəfindən yerinə yetirilmir. Dolayısı ilə əgər ermənilər öz üzərinə düşən öhdəliyi yerinə yetirmirsə, rus sülhməramlıları da öhdəliklərini tam yerinə yetirmirsə o zaman Azərbaycanın da bu öhdəliklərə riayət etmək ehtiyacı aradan qalxır.

- Erməni terrorçu Norayr Mirzoyanın Ermənistana təhvil verilməsi gələcək hadisələr üçün zəmin yaradır? Əslində necə olmalı idi? Terrorçu kimə təhvil verilməli və necə cəzalandırılmalı idi?

- Burada məsələ ondan ibarətdir ki, Mirzoyanın bu mənfur hücumu Azərbaycana və Azərbaycan hərbiçilərinə qarşı həyata keçirilib. Həmçinin, o, Azərbaycan ərazisində saxlanılıb. Mən, hüquqşünas deyiləm. Amma bilirəm ki, cinayət baş verdiyi ərazi üzrə araşdırılmalı, tədqiqat aparılmalı və ərazi üzrə məhkəmə prosesinə baxılmalıdır. Burada isə Mirzoyan rus sülhməramlıları tərəfdə olub. Yəni, onu bizim əsgərlər saxlamayıb. Əsgərlərimiz humanistlik göstərib. Halbuki, əsgər təcrübəsi hücumedənə qarşı adekvat və xəbərdarlıq etmədən açmalıdır. Əgər posta dayanan əsgərə birbaşa hücum olarsa, o zaman xəbərdarlıq atəşi açmadan və xəbərdarlıq etmədən hücum edəni məhv edə bilər. Buna görə əsgəri kimsə günahlandıra bilməz.

- Ermənistanın hər bir təxribatından sonra sanki buna cavab olaraq Azərbaycan ordusu olaraq ya mövqelərimiz irəliləyir, ya da postu nəzarətə götürürük. Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən Azərbaycan hərbiçiləri erməni postunu ələ keçiriblər. Bu barədə nə deyə bilərsiniz? Söhbət hansı postdan gedir?

- Böyük ehtimalla bu Laçın ərazisidir. Topoqraflardan xahiş etmişəm ki, dəqiq koordinatlara baxsınlar. Hər dəfə Ermənistan sərhədlərin delimitasiya prosesini ləngitmək, sülh müqaviləsini uzatmaq, erməni silahlılarının Qarabağdan çıxarılmasını uzatmaq üçün bəlli bir fokslar göstərir. Laçın dəhlizinin açılmasından 1 il keçir. Biz 1 ildir Laçın dəhlizini onlara təqdim etmişiksə, onlar bundan istifadə edirlərsə, İrəvanda yaşayan erməni rahatlıqla Qarabağa gedə bilirsə, o zaman Azərbaycanlı niyə Naxçıvana gedə bilməsin?! Ermənilər yaxşı anlayır ki, növbəti görüşdə bu suallara cavab verməli olacaq.

- Bölgədə və yaxud Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmamasında əslində kim maraqlıdır?

- Ermənistanla Azərbaycan arasında münaqişənin ən qısa müddətdə nizamlanmasında çox dövlətlər maraqlı deyil. Sülhməramlıların da fəaliyyətində görürük ki, onlar münaqişənin qısa müddətdə başa çatmasının tərəfində deyillər. Şuşa istiqamətində bir neçə ay öncə Azərbaycan tərəfi cavab atəşi açmışdı. Rusiya isə dərhal “Azərbaycan atəşkəsi pozub” və s. kimi bəyanat səsləndirdi. Halbuki, dünən rus sülhməramlılarının gözü qarşısında Azərbaycan əsgərinə qumbara atılıb. Rusiya Müdafiə Nazirliyi isə bu mənfur terror aktına münasibət bildirməyib. Bu azmış kimi terrorçunu da götürüb, həmin terrorçunu göndərən tərəfə təhvil verib.

- Rusiya sülhməramlılarının bölgədən çıxarılma ehtimalını nəzərdən keçirmək lazımdırmı?

- Əslində, Azərbaycan tərəfi istənilən halda öz ərazisinə kimi buraxıb, kimi buraxmayacağının qərarını verə bilər. Biz, bu məsələdə kimsədən asılı deyilik. Biz, Rusiyanı öz ərazimizdən 3 dəfə yola salmışıq. Dördüncü dəfə də yola salınmasına az vaxt qalıb. Hesab etmirəm ki, bu məsələlər diplomatik səviyyədə müzakirə olunmur. Amma biz, müzakirələrin nəticəsini hələ ki görmürük. Ona görə də Azərbaycan müəyyən addımlar ata bilər. Amma düşünmürəm ki, bu addım atılacaq. Çünki, biz davamlı olaraq imzamıza hörmət edirik. Biz istəmirik ki, verdiyimiz sözü vaxtından əvvəl pozaq.

- Rusiya son günlər baş verənlərə laqeyd münasibət göstərir və yaxud da ümumiyyətlə reaksiya vermir. Bu barədə nə deyə bilərsiniz?

- Bu, əslində siyasi məsələdir. Lakin, mən bir vətəndaş kimi deyə bilərəm ki, Rusiya sülhməramlıları bu məsələdə tərəfdir. Tərəf olduğu halda öz tərəfini tutduğu Ermənistan hakimiyyətinin necə əleyhinə söz desin?!

- Bölgədə son vaxtlar gərginliyin artması bizi hansı məcraya aparır? Növbəti terror və antiterror əməliyyatı gözləniləndir?

- Bir neçə aydır olan görüntülərdən məlum olur ki, Ermənistanın xalq, toplum, ordu olaraq müqavimət potensialı yoxdur. Əgər, əks tərəfin müqavimət potensialı yoxdursa, burada artıq savaş, döyüş və əməliyyatlardan söhbət gedə bilməz. Tindən gizlənib əsgərə qumbara atmaq şərəfsizlikdir, ayıbdır. Bu dünyada normal qaşılanmaz. Yəni, əsgər əsgərlə səngərdə savaşa bilər. Bu normaldır. Maraqlı olan da odur ki, belə bir şərəfsizi indi Ermənistanda və Qarabağdakı separatçılar “qəhrəman” adlandırır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə