17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür TƏHLİL

17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür TƏHLİL

Azərbaycan xalqının mənafelərini qorumayan, ermənilərin ölkəmizə qarşı olan torpaq iddialarını, erməni separatizmini və terrorunu dəstəkləyən bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabrın 17-də başlandı. Azərbaycan xalqı bir yumruq olaraq birləşib, öz haqq səsini ucaltdı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan sovet imperiyasına qarşı xalq ilk kütləvi etiraz səsini qaldırdı. Həmin gün paytaxtımızdakı Azadlıq meydanına axışan insanların sayı-hesabı yox idi. Bu gün xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr Milli Dirçəliş Günüdür. Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, azad olmağa layiq xalqdır. Qüdrətli xalq hərəkatının əzəməti respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Xalqımız imperiya buxovlarından və əsarət zəncirindən azad olmaq istəyirdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişi idi. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejiminə qarşı yönəlmişdir. Sovet rejimindən erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "meydan hərəkatı" tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir. Dekabrın 4-dək 18 gün aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşmışdı. Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi.1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən həmin sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında tarixi qərarlar qəbul olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı.

17 noyabr xalqın mübarizə əzmini göstərdi. Zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, Milli Dirçəliş Gününü bayram kimi qeyd edir və bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub-saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi və inkişaf edən bir ölkədir. Bu gün işğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu. Sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi.

Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü, rəşadətli ordumuzun dönməzliyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. İşğaldan azad olan torpaqlarımızda yeni bir həyat başlayıb. Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edib və viran qoyulan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Bu gün xalqımız 17 Noyabr Milli Dirçəliş Gününü qələbə əzmi ilə qeyd edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə