Zaqatalada Orxan Cumayevin ildönümü ilə əlaqədar xatirəsi anılıb

YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin rəhbərliyi, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə şəhid olan Zaqatala şəhər sakini Cumayev Orxan Fətəli oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra ziyarətçilər şəhid ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Cumayev Orxan Fətəli oğlu 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Orxan Cumayev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Zaqatala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Orxan Cumayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər. Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə