Şəhid Məhəmməd Osmanovun doğum günü Ağdaş rayonunun Ərəbocağı kəndində qeyd olunub

Şəhid Məhəmməd Osmanovun doğum günü Ağdaş rayonunun Ərəbocağı kəndində qeyd olunub

Ağdaş rayonunun Ərəbocağı kəndində Vətən müharibəsi şəhidi Osmanov Məhəmməd Seymur oğlunun doğum günü münasibətilə "Cənnətdəki doğum günün - 27 yaşın mübarək" adlı tədbir keçrilib. Ərəbocağı şəhidlərinin xatirə lövhəsinin önündə keçirilən tədbirdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılıb. Ərəbocağı kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya səsləndirilib. Tədbirdə çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə iştirak edən bir qrup şəhid ailəsinə onların övladlarının ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunduqları medallar təqdim olunub.

Tədbir iştirakçıları şəhidin Ərəbocağı kənd qəbiristanlığındakı məzarını ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri düzmüş, şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı evdə olmuş, valideynlərinə başsağlığı veriblər. Şəhidlərin ruhlarına dualar oxunub.

Osmanov Məhəmməd Seymur oğlu 27 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Məhəmməd Osmanov Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə