“Ərdoğanın səfəri növbəti xəbərdarlıq kimi xarakterizə olunmalıdır” - POLİTOLOQ AÇIQLADI
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərə səfəri mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir. Xüsusən, cənab Ərdoğanın Füzuli və Zəngilan rayonlarında bir sıra vacib açılış və təməlqoyma mərasimlərində iştirakı onu göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi post-konflikt dövründə də yüksələn xətt üzrə inkişaf edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq vurğulayıb ki, cənab Ərdoğanın bu səfəri münasibətlərimizin keyfiyyətcə yeni müstəviyə keçməsindən xəbər verir.
“Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə Prezidentlərinin şəxsi dostluğu və fenomenal liderlik keyfiyyətləri ölkələrimiz arasındakı münasibətlərin strateji xarakterini müəyyən edən əsas faktorlardandır. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər. Ərdoğanın ölkəmizə səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin növbəti əyani təzahürüdür. Türkiyə-Azərbaycan qardaşlığının həm regional, həm də dünya miqyasında önəmli amilə çevrildiyi bir daha təsdiq olundu.
Səfər çərçivəsində iki qardaş ölkə liderlərinin birlikdə Füzuli beynəlxalq aeroportunun açılış mərasimində, habelə Zəngilan rayonunda “Dost Aqropark”ın və Zəngəzur dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi bütün dünyaya verilən birlik və qardaşlıq mesajı idi. Aydın məsələdir ki, regionda etnik separatizmi dəstəkləyərək xaos və qarşıdurma mühitinin davam etməsində maraqlı olan xarici dairələr var. Cənab Ərdoğanın məhz azad olunmuş ərazilərə səfər edərək burada bir sıra vacib açılış və təməlqoyma mərasimində iştirakı həm də həmin qüvvələrə növbəti xəbərdarlıq kimi xarakterizə olumalıdır. Dünya türkə düşmənlik etməyin məğlubiyyət, türklə dostluğun isə əminamanlıq və tərəqqi gətirdiyini bir daha anlamış oldu.
Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan və Türkiyə bu gün faktiki olaraq türk dünyasında liderlik funksiyasını yerinə yetirən ölkələrdir. Türk Şurasının fəaliyyətində də bu iki ölkənin lokomotiv olduğu aydın şəkildə müşahidə olunmaqdadır. Məlumat üçün qeyd edim ki, Azərbaycan Türk Şurasına sədrliyi dövründə kifayət qədər məhsuldar fəaliyyəti ilə seçildi, ölkəmizin irəli sürdüyü təşəbbüslər türk dünyası tərəfindən böyük rəğbətlə qarşılandı. Türk Şurasının növbəti Zirvə toplantısında sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi də bu mənada təsadüf deyil”, deyə politoloq Ceyhun Əhmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB