Ağdaş rayonunda şəhid Cəlil Əliyevin ildönümü qeyd olunub

Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonunun Qaradağlı kənd sakini Əliyev Cəlil Qüdrət oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Qaradağlı kəndində mərasim keçirilib. Mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olunmuş, onun əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, ailəsinə başsağlığı verilmişdir. Əliyev Cəlil Qüdrət oğlu 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə səfərbərliklə cəbhəyə yola düşən Cəlil Əliyev Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. O, oktyabrın 22-də doğma kəndi Qaradağlıda dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə