Şəhidlərimizin əziz xatirəsi unudulmayacaq ANIM

Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə yüksəlmiş Quba rayon Yerfi kəndindən olan qəhrəman vətən oğlu Məmmədov İsmayıl Fazil oğlunun ildönümü münasibətilə ailəsi və Yerfi kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, İsmayıl Ağdərənin Suqovuşan istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.10-dan çox düşməni pulemyotu ilə məhv edib. Qəfildən səngərdə partlayan mərmi 19 yaşlı İsmayılın həyatına son qoyub. Ölümü ilə ölümsüzlük qazanan şəhidimiz "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalıblar. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları- şəhidlərimiz, qazilərimiz hər birimizin qürur mənbəyidir.

Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanaraq, ailəsinə səbr diləyib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...