Azərbaycan sülh və ədalət tərəfdarıdır

Əli HÜSEYNLİ,

Milli Məclisin deputatı

Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra bu il ölkəmizin sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür.

Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyəti, bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə 2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bir daha nümayiş etdirildi.

Tədbirinin rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunaraq, Hərəkatın qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səyləri yüksək dəyərləndirmişdir. Qoşulmama Hərəkatının təməlində suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən Bandunq prinsiplərinin dayandığını bildirən dövlətimizin başçısı Azərbaycanın bu prinsiplərə hər zaman sadiq qaldığını vurğulamışdır: “Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir”.

Müasir beynəlxalq münasibətlərdə də bu prinsiplər aktual və vacib olaraq qalır. Azərbaycan özü də beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqindən əziyyət çəkən ölkə olmuşdur. Bu baxımdan 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında qalmış torpaqlarımızı azad etməsi ilə Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 30 il ərzində masa üzərində qalmış qətnamələrini yerinə yetirərək Qarabağ münaqişəsinə son qoyması tarixi ədalətin, eyni zamanda, beynəlxalq hüququn normaların və Qoşulmama Hərəkatının əsas Bandunq prinsiplərinin reallaşdırılması kimi dəyərləndirilməlidir.

Müharibənin gedişində Hərəkat üzvlərinin Azərbaycana dəstəyini diqqət mərkəzinə gətirən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını diqqətə çatdırıb: “Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.

Azərbaycan Hərəkatda sədrliyi dövründə COVID-19 pandemiyası ilə mübarizədə yaranmış təhlükələrə qarşı vaxtında və təsirli tədbirlər həyata keçirmişdir. Ölkəmizin rəhbəri öz çıxışında bu istiqamətdə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü bir sıra təşəbbüslər haqqında da beynəlxalq ictimaiyyəti bilgiləndirdi: “Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur”.

Ermənistanla müharibə şəraitində olan Azərbaycan bütün çətinliklərə baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatına və Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım olmaqla 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün ölkəmiz 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmiş, təmənnasız olaraq 4 ölkəyə 150 min doza peyvənd hədiyyə etmişdir.

Prezident İlham Əliyev pandemiyadan qurtulmaq üçün beynəlxalq səviyyədə səfərbərliyin əhəmiyyətini qeyd etməklə yanaşı Azərbaycanın “peyvənd millətçiliyi”nə qarşı növbəti dəfə tənqidi mövqeyini ortaya qoyaraq bildirdi ki, belə hərəkətlər həm də Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir: “Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq”.

Toplantı çərçivəsində Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam etməsi üçün konkret təkliflər barədə, o cümlədən ali qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın inkişafı ilə bağlı niyyətini açıqlamışdır: “COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik. BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir”.

Bütün bunlar əminlik yaradır ki, qlobal təhdidlərlə mübarizənin önündə gedən Azərbaycan beynəlxalq miqyasda getdikcə daha sürətlə artmaqda olan nüfuzundan və lider ölkə statusundan istifadə edərək dünya miqyasında ədalətin, və sülhün bərqərqar olmasına bundan sonra da sanballı töhfələr verəcəkdir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə