"Bütün dünya Qarabağ iqtisadi rayonuna qibtə edəcək” - DEPUTAT ŞƏRH ETDİ
“Cənab Prezident Cəbrayıl ictimaiyyəti qarşısında çıxışı zamanı qeyd etdi ki, “Biz elə bir Zəngəzur quracağıq ki, bütün dünya qibtə edəcək”. Həqiqətən də, bu gün işğaldan azad olunmuş ərazilərimizdə möhtəşəm layihələr həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, şəhərlərin, kəndlərin baş planları tərtib olunur, ağıllı kənd və şəhər layihələri icra olunur: “Ağıllı kənd və ağıllı şəhər layihələrini dünya üzrə həyata keçirənlər içərisində Azərbaycan bəlkə də ön sıralardadır. Yəni, biz bütün gücümüzlə işğaldan azad olunmuş ərazilərimizdə şəhərlərimizi yenidən quracağıq və bu illər ərzində qaçqınlıq-köçkünlük həyatından əziyyət çəkmiş insanların gələcəkdə rahat yaşamasını təmin edəcəyik”.
Deputat sözlərinə belə davam edib: “Cəbrayıl şəhərinin Baş planı təsdiq olunub. Həmçinin, Ağdam şəhəri də buraya daxildir. Cənab Prezident bu şəhərlərin Baş planını təsdiq edəndə, o şəhər və rayonun ictimaiyyət nümayəndələri ilə razılaşdırılır. Yəni, onların təklifləri də nəzərə alınır. Nəticədə, elə bir Baş plan təsdiq olunur ki, bəlkə də Avropadakı şəhərlərin rahatlığı belə bu səviyyədə olmur”.
“Biz, bu gün bu layihələrin şəkil və video formatında Baş planlarını görürük. Nəticədə, təsəvvürümüzdə formalaşdırırıq. Yaxın gələcəkdə isə bu layihələri əyani şəkildə görəcəyik. Bütün dünya görəcək ki, Azərbaycan öz gücü ilə nə qədər möhtəşəm işlər görüb. Yəni, bu gün bizim dövlətimiz cənab Prezidentin rəhbərliyi altında böyük iqtisadi gücə malikdir və həqiqətən də bütün dünya Qarabağ iqtisadi rayonuna qibtə edəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB