"Ermənistanın bölgədəki işğalçılıq siyasəti bütün regionu inkişafdan geri qoyub" POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibəsi zamanı mühüm mesajlar verib". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev müsahibə zamanı bir sıra önəmli məsələlərə toxunub: "EFE agentliyi ispan dilli ölkələrdə çox mühüm əhəmiyyətə malik agentlik hesab olunur. Hətta EFE agentliyi ispan dilli ölkələrin "Euronews"u kimi tanınır. Bu auditoriyaya xitab etmək və bu auditoriyadan Azərbaycan haqqında fikirlər bölüşmək aktuallıq kəsb edir. İnformasiya agentliyinə müsahibəsində cənab Prezident Avropa İttifaqının Ermənistana 2.6 milyarda avro həcmində iqtisadi yardım etməyə hazırlaşmasını diqqətə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi 30 ilə yaxındır ki, işğaldan əziyyət çəkir, Ermənistan Azərbaycana qarşı təcavüz siyasətindən istifadə edirdi. 1 milyona yaxın qaçqın və məcburi köçkünlər yurdlarını-yuvalarını tərk etməyə məcbur olublar. Ermənistanın bölgədəki işğalçılıq siyasəti bütün regionu inkişafdan geri qoyub. Belə olacağı təqdirdə ikili standartlar ilə yanaşmaq təcavüzə məruz qalan ilə təcavüzkar arasında heç bir fərqin qoyulmaması, əksinə, Ermənistana 2.6 milyard həcmində yardımın göstərilməsi qeyri-dürüst münasibətdir, riyakarlıqdan xəbər verir".

Politoloq bildirib ki, bu cür ayrı-seçkiliyin göstərilməsi tamamilə yolverilməzdir: "Əksinə, bölgədə iqtisadi prioritetləri müəyyənləşdirən bölgənin gələcəyi ilə bağlı müəyyən planlar quran işğalda azad olunmuş ərazilərdə böyük tikinti quruculuq, abadlıq işləri həyata keçirən Azərbaycan tərəfinə daha çox maliyyə vəsaiti ayrılmalı, investisiya cəlb olunmalı və bölgədəki iqtisadi rifahı təmin edən mühüm indiqatorlar müəyyən olunmalıdır. Avropa İttifaqı Ermənistana ayırdığınız kreditlər gələcəkdə hərbi texnikalara və sursatlara xərclənə bilər. Regionda gərginlik ehtimalı daha da yüksələr. Bütün bu təhdidlərin qarşısını almaq üçün daha düzgün yanaşma sərgilənməli və böyük investisiya ehtiyacı olan Azərbaycana bu cür vəsaitlərin ayrılması gərəklidir. Eyni zamanda qeyd edim ki, Avropa ittifaqının enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Bu gün karbon-hidrogen ehtiyatlarına ehtiyac əvvəlki illərlə müqayisədə daha da yüksəlib. Qazın qiyməti dünya bazarlarında rekord həddə çatıb. Belə olduqda Azərbaycanın karbon-hidrogen ehtiyatlarına ehtiyac əmələ gəlir. Azərbaycan öz enerji ixracatçısı ilə Avropa İttifaqı üçün daha önəmlidir. Azərbaycana münasibət daha düzgün sərgilənməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə