"Ancaq cənab Prezident bunu bacardı" - MÜSAHİBƏ

Azərbaycan adına Alyans Partiyasının sədri Abutalıb Səmədov SİA-ya müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Abutalıb müəllim bir il öncə 27 sentyabrda müharibənin başlanmasını zəruri edən amillər nə idi və o dönəmdə dünyanın siyasi vəziyyəti necə idi?

- 2020-ci ilin 12 iyulunda Tovuz istiqamətindən atəşkəsi pozdular. Onda onların dərsini lazımi səviyyədə vermədik, yəqin ki, bunu bilərəkdən etdik. Bu zaman belə davrandıq ki, Azərbaycanın potensialını tam bilməsinlər. Sonra avqustda diversiya qrupları göndərdilər. Onları zərərsizləşdirdik. Sentyabrın 27-si səhər tezdən yenidən düşmən tərəfindən Azərbycan mövqelərinə atəş başlandı. Bundan sonra Ali Baş Komandan artıq qərar verdi ki, bunların dərsi verilməlidir. Bununla da əks-hücum əməliyyatı başladı. Bunu xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan əks-hücum əməliyyatına başladı və elan etdi ki, BMT TŞ-nin 4 qətnaməsini icra etmək əzmindədir. BMT TŞ bildirir ki, bu torpaqlar azad olunmalıdır. Erməni silahlıları 7 rayondan çıxarılmalıdır. Azərbaycan öz hüququndan istifadə edərək torpaqlarını işğaldan azad etməyə başladı. Ədalətli bir əks-hücuma keçdi. Döyüşün ilk anlarindan biz artıq yüksəklikləri ələ keçirməyə başladıq. Bu əməliyyatlar 44 gün ərzində bir dəfə də dayanmadı. Dünya da dayanmadı. Birinci gündən bizə hücumlar başlandı. ABŞ Dövlət Departmenti dayan, BMT TŞ dayan, BMT-nin baş katibi cənab Prezidentlə danışdı, dayan, 3 dəfə Makron, 3 dəfə Merkel zəng etdi və hər tərəfdən bir tələb var idi, Azərbaycan ordusu dayanmalıdır. Hətta, Rusiya kanallarında olan debatlarda onlara başa sala bilmirdik ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində keçirilir. Biz işğal olunmuş yeddi rayonumuzu geri almaq istəyirik. Yəni dünya bu dərəcədə çaşmışdı və ya özünü çaşmışlığa vurmuşdu. Azərbaycan Prezidentinə bax belə təzyiqlər başlamışdı. Cənab Prezident dəfələrlə, dedi ki, siz mənə dayan deyirsiz, ona niyə çıx demirsiz? Yaxud o hücuma keçəndə niyə dayan demirdiniz? Ermənistana bu cür demirdilər. Amma Azərbaycan ədalətli şəkildə öz ərazilərini azad edirdi. Bütün dünya Azərbaycana dayan deyirdi. Nəhayət, oktyabrın 1-də Rusiyanın, ABŞ-ın, Fransanın dövlət başçıları bəyanatla çıxış etdi. Deməli, 2013-cü ildən bir araya gəlməyən və birlikdə bəyanat verməyən bu üç dövlətin başçısı birdən-birə qərara gəldilər ki, bəyanatla çıxış etsinlər və tələb etsinlər ki, Azərbaycan əks-hücumları dayandırmalıdır. Beləliklə də, danışıqlar başlamalıdır. Bircə, Ərdoğan buna üsyan etdi. Cənab Ərdoğan tələb etdi ki, tələb yanlışdır. Azərbaycanın mövqeyi düzgündür və siz Azərbaycanın mövqeyini müdafiə etməlisiz. Hətta, NATO-nun baş katibi ilə olan mətbuat konfransında da cənab Ərdoğan dedi ki, siz ədalətin yanında olmalısız. Bütün bunları xalqımız bilsin deyə deyirəm ki, Azərbaycan yalnız yeddi rayonu azad etmək istəyirdi. Hələ Qarabağdan söhbət getmirdi. Fransa deyir ki, Azərbaycan ordusunun Qarabağa girməsinə izn verməyəcəyik. Bunu Fransa deyəndə hələ biz Qarabağa girmək söhbəti etmirdik. Cənab Prezident də müsahibələrində deyirdi ki, biz yalnız yeddi rayonu almaq istəyirik. Yəni, BMT-nin qətnamələrini icra etmək istəyirik. Bununla da bütün dünya Azərbaycanın əleyhinə oldu. Azərbaycan Prezidenti isə bütün bu təzyiqlərin qarşısında dura bildi. Bu çox çətindir. Böyük dövlətlərə qarşı dayanmaq həqiqətən də, çox çətindir. Ancaq cənab Prezident bunu bacardı.

- Son zamanlar rus sülhməramlılarının fəaliyyətində müsbətə doğru inkişaf görünür. Sanki Azərbaycan qanunlar əsasında qarşılarına nə tələb qoyursa yerinə yetirirlər. Bu belədir, sizcə də?

- Bu məqamda demək istəyirəm qoy hamı bilsin dünyada sülhməramlılardan razı qalan heç bir yerli xalq yoxdur. Hamısı narazıdır. Kim gəlsə də, biz narazı olacaqdıq. Çünki arada ermənilər var, biz varıq. Onlarda yerli xalqla işlədikləri üçün, təbiidir ki, onlarında razılığını qazanmaq istəyirlər. Ancaq baxın, rus sülhməramlıları gələndən bizim tələblərin 90 faizini əməl edib. Narazılıq etmişik, qəti mövqe qoymuşuq əməl ediblər. Bu yaxında hətta, komandanı da dəyişdik. Heç işə başlamadan dəyişdirdik. Bu elə-belə bir şey deyil. Amma yenə də deyirəm biz burada bir şeyi unutmamalıyıq ki, Rusiya sülhməramlılarına biz icazə vermək istəmirdik. 1993-cü ildən buna etiraz etmişik. Hətta, biz müdafiə naziri Məmmədrəfi Məmmədovu səhər-səhər oğurlayıb gətirdik. Çünki sənədə qol çəkməliydi. Qorxurdu üzə çıxmırdı. Heydər Əliyev tələb etdi ki, təcili təyyarəyə minib Bakıya gəlməlisən. İmkan vermədik sənədə qol çəksin. Ondan sonra generallar gəldi tələb etdilər. Heydər Əliyev güzəştə getmədi. Budapeşt samitində biz xüsusi bəyanat qəbul etdirdik ki, Azərbaycana rus sülhməramlıları gələ bilməz. Bu qüvvələr beynəlmiləl olmalıdır. Sonradan tələb etdik ki, ümumiyyətlə, bu qüvvələr qonşulardan olmamalıdır. Biz otuz ilə yaxın mübarizə apardıq ki, ruslara bura gəlməsin. Hətta, 44 günlük müharibənin gedişində bu məsələ qaldırıldı. Azərbaycan üç dəfə buna etiraz etdi. Sonda niyə razılıq verdik? Biz seçim qarşısındaydıq, ya NATO sülhməramlıları, ya da rus sülhməramlıları gəlməli idi. NATO sülhməramlilari son zamanlarda Kosovada olublar. Kosovanı müstəqil etdilər. Bosniyada olublar. Bosniyanı ağlar günə qoyublar. Həmçinin bunlar hamısı müharibə dövründə ermənipərəst olduğu üçün biz rus sülhməramlılarını seçdik.

- Sizcə, Türkiyənin Qarabağ problemində iştirakına Amerika necə münasibət bəsləyir. Qərbin bu prosesdə iştirakı Rusiya və İrana hansı əngəllər törədə bilər?

- Türkiyənin bu prosesdə iştirakını Amerika və Qərb heç cür qəbul etmir. Açıq şəkildə deyillər ki, Türkiyə kənarda dayanmalıdır. Türkiyə müdaxilə etməməlidir. Türkiyənin bu prosesdə iştirakı və nüfuzunun artması bizi narahat edir, deyə açıqca bildirirlər. Kim dedi bunu? Türkiyənin NATO-dakı müttəfiqləri dedi. Qəbul etmək lazımdır ki, bunlarla müqayisədə Rusiya məsələyə normal yanaşdı. Beləliklə, Türkiyə bu məsələdə aktiv şəkildə iştirak etdi. Türkiyənin aktiv iştirakını İran təbii ki, qəbul etmir. İran Türkiyənin bu regiona nüfuz etməsindən narazıdır. Rusiya isə hələ ki, hesablaşır. Mən deməzdim Rusiya İran qədər narazıdır. Bəzi məqamlarda mane olurlar. Amma hələ ki, Rusiya mövcud reallıqla barışır.

- Ərdoğan və Putin görüşü Rusiyanın cənubi Qafqazdakı siyasətinə təsir edəbilərmi və yaxud Qarabağda hər hansı dəyişiklliklər görünəcəkmi?

- Burada hər hansı dəyişiklik olması üçün ilk növbədə İdlibdə razılıq olmalıdır. İdlibdə vəziyyət ciddidir. Məlum olduğu kimi Bəşər Əsəd gəlmişdi Moskvaya Putinlə ayın 13-də görüşmüşdü. Tələb də bu oldu ki, Suriyanın 90 faizinə Bəşər Əsəd hökuməti nəzarət edir. 10 faiz ərazi qalıb ki, ona Türkiyə nəzarət edir. İlk növbədə də İdlibdən o silahlıların çıxarılmasını istəyirlər. Orda Suriya ordusu da var, Türkiyənin nəzarətindədir. Orada terrorçular da var. Rusiya da qəti şəkildə əməliyyatlara başlamaq istəyir. Türkiyə 4000 əsgər göndərdi ora, dedi ki, mən də güzəşt etməyəcəm. Vəziyyətin bu dərəcədə gərginləşməsi bizə, qətiyyən, sərf etmir. Lazımdır ki, İdlib məsələsində razılıq olsun. Elə görüşün əsas məqsədi də budur. Burada razılıq olsa, inanıram ki, Qarabağda da hər hansı dəyişiklik olar.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə