"Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə yazılacaq bir prosesi başlatdı" - EKSPERTİN MARAQLI ŞƏRHİ

“Nadir şah 1747-ci ildə sui-qəsd nəticəsində öldürüldükdən sonra keçən 273 illik bir tarix ərzində Azərbaycan xalqı yalnız ona məxsus olanları itirib. Yüz minlərlə kvadrat kilometr əraziləri əhatə edən dövlətə sahib olan Azərbaycan xalqı SSRİ imperiyası tərkibində 86,6 min kvadrat kilometr əraziyə sahib idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistanın əsassız ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində 20 faizdən artıq torpaqlarımız yenə də işğal olundu və bir milyondan artıq insanımız qaçqın və məcburi köçkünə çevrildi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Ekspert vurğulayıb ki, məhz 273 illik bir dövrdən sonra Azərbaycanın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı, Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə düşəcək bir prosesi başlatdı.

“27 sentyabr, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, tək işğal altında olan torpaqlarımızın azad olunması deyil, həm də qırılmış qürurumuzun, mənliyimizin bərpası, dirçəldilməsi, eyni zamanda Azərbaycanın, region xalqlarının gələcək iqtisadi inkişafa, sosial rifaha, bölgəmizi barış bölgəsinə çevriləcəyi bir prosesin başlanğıc günü idi. Məhz həmin gün, uzun illər ərzində müxtəlif dövlətlərin, beynəlxalq güclərin, havadarlarının hesabına Ermənistanın işğalda saxladığı torpaqlarımızı azad etməyə başlamaqla, qüruru, torpağı, vətəni uğrinda hər an canından keçməyə hazır olduğunu Azərbaycan xalqı bütün dünyaya sübut etdi.

27 sentyabr tarixi şəhidlərimizin Anım Günü ilə yanaşı, həm də bir milli qürur, milli mənlik günüdür. Həmin gün qürurumuzun simvolu olan Şuşanın azadlığına gedən yolun başlandığı gündür. 27 sentyabrdan başlayan və 44 gün ərzində böyük qələbə və Ermənistanın məğlubiyyəti ilə yekunlaşan bu prosesin ən əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, artıq yüzilliklər ərzində kənar qüvvələrin, havadarlarının hesabına yaratdıqları "Dağlıq Qarabağ" problemi tarixə qovuşdu. Artıq belə bir münaqişə, belə bir anlayış mövcud deyil. Bu proseslərin ən əhəmiyyətli tərəflərindən biri də, regionun bundan sonra məhz iqtisadi, sosial layihələrinin, kommunikasiya layihələrinin mərkəzinə çevrilməsinə gətirib çıxarması ilə bağlıdır.

Bölgəmiz artıq sürətli inkişaf mərhələsinə qədəm qoyubdur. Qarabağın azad olunması yalnız Qarabağ bölgəsində quruculuq və müxtəlif layihələrin həyata keçirilməsi ilə yekunlaşmayacaq. Qarabağın azad olunması həm də Cənubi Qafqaz dövlətləri və qonşu dövlətlər arasında iqtisadi, siyasi, diplomatik, əməkdaşlığın daha da gücləndirilməsinə gətirib çıxaracaq. Məhz Qarabağın azad olunmasından, Vətən müharibəsindən sonra bölgəmizdə sürətli iqtisadi layihələrin həyata keçirilməsinə başlanılıbdır. Zəngəzur dəhlizinin açılması ilə, Azərbaycanın Naxçıvan bölgəsi ilə, eyni zamanda Türkiyə ilə iqtisadi əlaqələrin, quru və dəniz yolu əlaqələrinin qurulması prosesi başlayacaq. Eyni zamanda, uzun illər ərzində Azərbaycanın blokadada saxladığı Ermənistan Azərbaycan üzərindən Rusiya və İranla dəmir yolu əlaqəsi quracaqdır. Bir sözlə, regionumuz bu proseslə həm böyük bir bəladan, erməni işğalından və erməni faşizmindən xilas oldu, həm də bölgəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuş oldu”, deyə Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə