Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi”
Bəli, son 18 il ərzində bütün sahələrdə qələbə qazanan Azərbaycan 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidenti 44 günlük savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında, sözün əsl mənasında, siyasi liderlik dərsi keçən Prezident İlham Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı. Müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında Azərbaycan Prezidentinin jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırması bir daha dövlət başçımızın Azərbaycanı informasiya savaşında da qələbəyə apardığının sübutudur. Bir faktı xatırlatmaq istərdik - Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmadığını söyləyib. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi. Bu, Ali Baş Komandanımızın sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib.
Dövlət başçısının sentyabrın 24-də Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya verdiyi müsahibə Azərbaycan Prezidentinin mahir strateq olduğunu dünyaya bir daha nümayiş etdirdi. Və 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandıran Azərbaycan Prezidenti qələbəni şərtləndirən səbəblərdən geniş bəhs edərək, hərbi əməliyyatlarla bağlı bir sıra detalları da açıqlamaqla dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi. Çünki Azərbaycan həm diplomatik, həm də hərbi sahədə güclü dövlətdir və şərtləri o diktə edir. Çünki güclü ideyanı müdafiə edən xalq güclü olduğu kimi, güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Məhz elə buna görədir ki, 18 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Və bu gün qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.
"İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"
Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində də bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi: "Azərbaycan uzun müddət öz potensialının möhkəmləndirilməsi üzərində çalışırdı. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi".
“Biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi üzərində çalışırdıq. Bunu ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə həyata keçirirdik. Çünki hansısa maliyyə təsirindən, yaxud kredit resurslarından asılı olduğumuz zaman Azərbaycanın Silahlı Qüvvələrini modernləşdirə bilməzdik. Bu səbəbdən, demək olar ki, Prezident vəzifəsinə gəldiyim ilk gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işlərə başlanıldı. Hesab edirəm ki, 6-7 ilə buna nail ola bildik”, - dövlət başçısı bildirib.
Prezident əlavə edib ki, müasir silahlanma və hərbi texnikanın alınması baxımından Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi də sürətli templə həyata keçirilirdi: "Təbii ki, ordumuzun döyüş qabiliyyətinin artırılması üzərində gündəlik iş aparılırdı... Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi. Biz, 2016-cı il aprel döyüşləri zamanı öz imkanlarımızı məhdud şəkildə nümayiş etdirdik. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və biz Ermənistan tərəfinə hər şeyi götür-qoy etməyə və işğala son verməklə bağlı qərar qəbul etməyə imkan yaratdıq. Lakin təəssüf ki, həmin vaxt bizim dayanmağımız Ermənistan tərəfindən düzgün anlaşılmadı və bunun da cəzasını çəkdilər".
"İkinci Qarabağ müharibəsində kimin vicdanlı döyüş apardığını və kimin alçaqcasına hücum etdiyini hamı gördü"
Bəli, dövlət başçımızın dediyi kimi, İkinci Qarabağ müharibəsinin gedişində kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü: "Ən iyrənc hərəkət bu idi ki, gecə vaxtı Gəncədəki yaşayış məntəqəsinə, yatmış insanlara və uşaqlara operativ-taktiki raketlərlə zərbə endirdikdən sonra Ermənistan rəhbərliyi bununla heç bir əlaqələrinin olmadığını bəyan etmişdi. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib?".
"Xüsusi təyinatlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirirəm"
"Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri (XTQ) işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar",-deyən Azərbaycan Prezidenti onu da vurğulayıb ki, xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplektləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayırılır: "Bizim XTQ-lər fədakarcasına döyüşürdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər".
O, xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplektləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayırdığını qeyd edən dövlət başçısı bildirib ki, XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirdilər: "Yenə də ötənilki hərbi əməliyyatlara qayıtsaq, deyə bilərəm ki, ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir, həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirməli oldular. Ümumilikdə, Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm".
"Hamı Azərbaycan Ordusunun irəliləməsinə öyrəşmişdi"
“Hərbi əməliyyatların lap əvvəlində çoxdandır gözlədiyimiz qələbə sevincini hiss etdik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
“Artıq qeyd etdiyim kimi, sentyabrın 27-də bir çox yaşayış məntəqəsi azad edildi. Xalqa müraciətlərim zamanı demək olar ki, hər gün Azərbaycan xalqı məndən yeni xəbərlər gözləyirdi. Bir neçə gün fasilə olanda hamı düşünürdü ki, “Görəsən, nə baş verib?”. Hamı Azərbaycan Ordusunun irəliləməsinə öyrəşmişdi, - Prezident deyib.
Dövlət başçısının sözlərinə görə, bütün əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilsin: “Bu səbəbdən əks-hücum əməliyyatı həyata keçirən Azərbaycanın öz sözləri ilə desək, daim “taktiki geri çəkilən” Ermənistanla müqayisədə daha az itkiyə məruz qalması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillər həm mənə, həm Azərbaycan ordusuna, həm də Azərbaycan xalqına inam bəxş edirdi”.
"Ermənistan tərəfi xalqına və dünya ictimaiyyətinə yalan danışırdı"
Bu, danılmazdır - yalan, böhtan fikirlər söyləmək ancaq və ancaq qorxaq Ermənistana məxsusdur. Azərbaycan Prezidenti müsahibəsində də bildirib ki, diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan mətbuat münaqişənin mahiyyətini təhrif edirdi. Ermənistanın işğalçı olması, etnik təmizləmələr aparması, Xocalı qətliamını törətməsi, tarixi və mədəni irsimizə aid abidələri dağıtması gizlədilirdi: "Azərbaycan isə hansısa vəhşi, totalitar və avtoritar ölkə kimi təqdim edilirdi. “Washington Post”, “New York Post”, “Figaro”, həmçinin ABŞ, Fransa, Almaniya və bir çox digər ölkələrin mətbuatında məni “Əliyevin diktator rejimi” adlandırırdılar. Bununla da Ermənistan Respublikasından daha güclü olan erməni diasporu bu cür mənfi fon yaradırdı”.
Dövlət başçısı bildirib ki, mətbuatın münaqişəyə diqqətini nəzərə alaraq, baş verənlər haqqında həqiqəti çatdırmaq üçün ondan istifadə edib: “Mənim dediyim hər şeyi sənədlə sübut etmək olar. Dediyim hər bir şey tarixi həqiqətə və döyüş meydanında gündəlik baş verənlərə əsaslanırdı. Ermənistan tərəfi isə İkinci Qarabağ müharibəsi zamanı və ondan öncə baş verənlərlə bağlı öz xalqına və dünya ictimaiyyətinə yalan danışırdı. Bu səbəbdən onların tezisləri inandırıcı deyildi və mahiyyət etibarı ilə Ermənistanı nüfuzdan salırdı, biz isə baş verənlər barədə həqiqəti çatdıra bildik”.
“Döyüş meydanında, yaxud informasiya məkanında olmasından asılı olmayaraq, ədalətli mübarizə şəraitində Ermənistan tərəfinin təbii ki, heç bir şansı yox idi”, - Prezident İlham Əliyev vurğulayıb.
"44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq"
“Hər bir dövlət xadimi, xüsusilə ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir. Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm",-deyən Azərbaycan Prezidenti bildirib ki, 44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq: "Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin, bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik".
“Hərbi əməliyyatların lap əvvəlində çoxdandır gözlədiyimiz qələbə sevincini hiss etdik”,-deyən dövlət başçısı “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib ki, sentyabrın 27-də bir çox yaşayış məntəqəsi azad edildi: "Xalqa müraciətlərim zamanı demək olar ki, hər gün Azərbaycan xalqı məndən yeni xəbərlər gözləyirdi. Bir neçə gün fasilə olanda hamı düşünürdü ki, “Görəsən, nə baş verib?”. Hamı Azərbaycan Ordusunun irəliləməsinə öyrəşmişdi".
Dövlət başçısının sözlərinə görə, bütün əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilsin: “Bu səbəbdən əks-hücum əməliyyatı həyata keçirən Azərbaycanın öz sözləri ilə desək, daim “taktiki geri çəkilən” Ermənistanla müqayisədə daha az itkiyə məruz qalması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillər həm mənə, həm Azərbaycan ordusuna, həm də Azərbaycan xalqına inam bəxş edirdi”.
"Hərbi Qənimətlər Parkı Zəfərimizin nümayişi və həlak olanlara ehtiram əlamətidir"
Bəli, dövlət başçımızın dediyi kimi: "Hərbi Qənimətlər Parkı bizim Zəfərimizin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür". Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, bu, tamam başqa emosional duyğular, tamam başqa əhval-ruhiyyədir: "İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Bu, çox ciddi hisslərdir".
"Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə demişəm, bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, Xocalının günahsız qurbanlarını, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq”, - Prezident vurğulayıb.
"Bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır"
"Fikrimcə, mühüm mərhələlərdən biri, əlbəttə, düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır". Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bu barədə danışarkən deyib: “Ona görə bu da vacib idi, çünki əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır”.
Prezident müsahibəsində müharibənin ayrı-ayrı mərhələlərindən danışıb, şəhər və kəndlərimizin azad edilməsi ilə bağlı əsas məqamları şərh edib. “Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bir sözlə, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb tarixə düşdü. Azərbaycanın təcrübəsi dünyada öyrənilir. Azərbaycan Ordusunun zamanında bu müasir texnologiya və silahlarla təchiz olunmasını təmin edən də məhz uzaqgörən və dahi strateq olan Azərbaycan Prezidentidir. Təsadüfi deyil ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da müsahibədə dəfələrlə Azərbaycan Prezidentinin uzaqgörənliyinə və liderlik xüsusiyyətlərinə ehtiramını ifadə edir. Çünki dövlət başçımız nə vaxt, nəyi, necə etmək lazımdır, bunu bilir: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB