“Bu gün bir sıra dövlətlər imza ilə işlərini bitmiş hesab edib” - AÇIQLAMA

“Bildiyiniz kimi 2015-ci ildə BMT-nin Baş Assambleyasının 193 üzvü tərəfindən 92 bənddən ibarət və 17 Davamlı İnkişaf Məqsədi və əlaqəli 169 hədəfi əhatələyən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” qəbul edilib. Yoxsulluğa, aclığa son, yaxşı səhiyyə, keyfiyyətli təhsil, bərabərsizliyin azaldılması, sülh, ədalət, sənaye, innovasiya və infrastruktur və s. məzmunlu hədəflərə diqqət etsək, proqramın qlobal əhəmiyyətini anlamaq çətin deyil. Lakin, təəssüf ki, bu gün bir sıra dövlətlər imza ilə işlərini bitmiş hesab edib və bu isə ümumilikdə qeyd edilən məzmunda bəşəri problemlərlə mübarizədə geriləmələrə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, konkret olaraq Azərbaycanın məsələdə mövqeyinə gəlincə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycan kifayət qədər fəallıq göstərir və rəsmi Bakı ən ali səviyyədə prosesdə marağını gizlətməyib: “Təsadüfi deyil ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirədə Prezident İlham Əliyev məhz bu məqamın üzərində dayanaraq Azərbaycanın Gündəliyin icrası üzrə 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövləti olduğunu bəyan etdi”.

Deputat sözlərinə belə davam edib: “Nəticə etibarı ilə, cənab İlham Əliyev Azərbaycanın insan rifahına yönəli addımları dəstəkləməklə bərabər həm də bir dövlət kimi Beynəlxlaq hüququn ümumtanınmış prinsiplərindən “Pakta Sunda Servande” – öhdəliklərin vicdanla icrasına sadiq qalan Yüksək tərəf kimi bir daha özünü təsdiq etdi. Habelə, rəsmi Bakı insan amilinə, inkişaf və tərəqqiyə xüsusi münasibətini ifadə etməklə ortaya iradə qoyur. Nəticə etibarı ilə, bu səylər hədər getməmiş və 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında Azərbaycan 55-ci yeri tutmuşdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə