“ATƏT-in Minsk Qrupuna münasibət birmənalı deyil” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi gözlənilir. Bu görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutacaq”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra diplomatik siyasi danışıqlar dalana dirəndi və Ermənistan tamamilə danışıqlar prosesindən imtina etdi: “Bunun nəticəsində də ikinci Qarabağ müharibəsi baş verdi. Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad etdi, lakin istənilən halda diplomatik danışıqların həyata keçirilməsi məsələnin siyasi aspektdə çözüm variantlarının nəzərdən keçirilməsini də özündə əks etdirir. Çünki hazırda yeni geosiyasi və geoiqtisadi əlaqələr formalaşdırılmalıdır. Bu reallıqlar kontekstində məsələyə yenidən nəzər salmaq mühüm əhəmiyyət kəsb edir. 10 noyabr bəyanatından sonra bir sıra problemlər yaranmışdır”.

Politoloq bildirdi ki, üçtərəfli birgə bəyanatdan az qala bir il keçsə də Laçın dəhlizinin Laçın şəhərinin mərkəzindən kənar hissədən keçilməsi ilə bağlı fəaliyyət müşahidə olunmur: “Qeyd etmək lazımdır ki, bu fəaliyyət dövrü üç ili əhatə etməlidir. Burada da bir durğunluq var. Bütün bu problemlərin həll edilməsi, humanitar aspektlərin baxılması Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunması eyni zamanda, 10 noyabr tarixində imzalanmış üç tərəfli birgə bəyanatın 4-cü maddəsinin icra olunmaması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının hələ də ərazidə qalması, separatçı qurumun rəhbərinin ədalət mühakiməsi qarşısında cavab verməməsi və hələ də müxtəlif qondarma şəxsləri vəzifəyə təyin etməsi, təlimlərin keçirilməsi və sülhməramlıların buna susqunluğu və bu kimi problematik tərəflər var. Onların müzakirə edilməsi və həlli istiqamətində bir konsensusun tapılması üçün ilkin konturlar müəyyənləşdirilməlidir. Ümumiyyətlə, Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk Qrupuna münasibət birmənalı deyil. 30 il ərzində bu məsələnin çözülməsi ilə bağlı həyata keçirilən fəaliyyət heç bir nəticəsini verməmiş və həmsədrlərin regiona səfərləri turistik səfərlər kimi yaddaşlarda qalıb. Hazırda isə bu imicin bərpa edilməsi və xalqların rifahına xidmət edən yanaşmanın sərgilənməsi arzu olunandır. Bu istiqamətdə əgər həmsədrlər fəaliyyət göstərərlərsə, onda bu institutun gələcəyi də olacaqdır. Əks təqdirdə, əgər tutduqları yol ilə davam edəcəklərsə, onda bu danışıqların keçirilməsi imitasiya xarakteri daşıyacaq və 27 sentyabrdan öncəki dövrü xatırladacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə