Azərbaycan 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub

"BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir". SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələri zamanı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır”.

Prezident qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Biz Bakı Beynəlxalq Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...