“Əgər ki, Ermənistana qarşı sərt sanksiyalar tətbiq olunsaydı...” DEPUTAT AÇIQLADI

“Prezident İlham Əliyev BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndirici nümayəndəsini qəbul edərkən BMT-nin, ATƏT-in Minsk qrupunun 30 ilə yaxın olan fəaliyyətsizliyini xüsusi olaraq vurğuladı. Ölkə başçısının da qeyd etdiyi kimi, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri ölkə başçısı dəfələrlə ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda müzakirəyə çıxarsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı şuranın qəbul etdiyi 4 qətnamə icra olunmadı. Əgər ki, Ermənistana qarşı sərt sanksiyalar tətbiq olunsaydı müharibə olmaz, regionun sabitliyi təmin olunardı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.


Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu qətnamələrin icrası üçün lazımi mandat və səlahiyyəti olsa da, Minsk qrupu 28 il ərzində bu imkanlar çərçivəsində heç bir əməli fəaliyyət nümayiş etdirmədi: “Sırf bu yanaşmadan da müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur etməyən beynəlxalq birliklərin üzərinə düşür.
Artıq Azərbaycanın şanlı ordusu özü qətnamələri icra etdi. Bununla da ədalət, beynəlxalq hüququn tələblərini bərpa etdik.
Artıq müharibə bitib, münaqişə həll olunub, hər iki dövlətin əsas məqsədi sülh imzalayıb, sabitlik yaratmaq olmalıdır. Ermənistan hər vəchlə sülh prosesini uzadır, lakin bunun yaxşı nəticəsi olmayacaq. Qarşı tərəf də başa düşür ki, sülh olmalıdır”.

Deputat sözlərinə belə davam edib: “Bizim üçün müharibə bitib. Artıq gələcəyə baxmalıyıq və hazırda əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa üstünlük verir. Azərbaycan dövləti hazırda təmir bərpa işlərini sürətləndirib, həmin torpaqları doğma sahiblərinə təqdim etməyə çalışır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə