"Cənab Prezident xalqın içindən çıxdığına görə onun problemlərini yaxşı bilir" DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezidentin Türkiyə telekanalına müsahibəsi həm Vətən müharibəsinin gedişatının müəyyən mərhələlərinə aydınlıq gətirdi, həm də biz qarşımızda qətiyyətli bir lider olduğunu gördük”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi mövzusu bundan sonra da hələ uzun illər müzakirə mövzusu olacaq: “Hələ də qələbənin əldə edilməsinin çətinlikləri barəsində yeni məlumatlar əldə edəcəyik. Ən əsası isə Azərbaycan 30 illik çəkən ağır bir problemi öz gücünə arxalanaraq həll edə bildi. Bu ilk növbədə Azərbaycan xalqının qətiyyəti, öz bacarıqlı liderini dəstəkləməsi və xalqımızın öz torpağına bağlılığı nəticəsində mümkün oldu”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezident xalqın içindən çıxdığına görə, onun problemlərini yaxşı bilir. Onun həll variantlarına dair düşünülmüş və müsbət nəticə verə bilən planları var və bir tərəfdən Dağlıq Qarabağ probleminin həllində diplomatik danışıqlara üstünlük verilsə də, onun nə vaxtsa hərb yolu ilə hazırlığına da ciddi əhəmiyyət verilirdi. Vaxtilə cənab Prezidentin “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olacaq” fikri sonradan Azərbaycan ordusunun ən müasir silahlarla silahlanmasına, onun ciddi hazırlığına və Ermənistanın istənilən hərbi təxribatlarına cavab vermək qabiliyyətində olmasına gətirib çıxartdı və növbəti təxribatların qarşısı alınaraq əks hücuma keçirdi".

A.Mirzəzadə əlavə edib ki, cənab Prezidentin bildirdiyi kimi suallar olunurdu ki, “Azərbaycan dayanacaqmı? Nə vaxt dayanacaq?”. Amma bütün siyasət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəlmişdi və burada ölkə rəhbəri Prezident İlham Əliyevin qətiyyəti, şəxsi keyfiyyətləri çox böyük rol oynadı: "Məhz bu keyfiyyətlər Azərbaycanın ağrılı bir problemini həll etdi və vətən müharibəsindən sonra Azərbaycan addım - addım işğaldan azad olunan torpaqların infrastrukturunu bərpa edir, yaşayış məntəqələri salır və dünya Azərbaycanın bacarığını, onun öz torpaqlarına sahib çıxmağının müsbət nəticələrini görəcəkdir. Xalq və prezident birliyi möhkəmdir və bu birlik Azərbaycanın bundan sonra da problemlərini həll etməyə imkan verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə