"Parlamentin buraxılması heç biri ciddi hüquqi və siyasi arqumentə söykənmir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan parlamentarizm tarixində VI çağırış Milli Məclis özünəməxsus rola malikdir. Hər şeydən öncə bu çağırış Parlamentimiz çox mürəkkəb tarixi siyasi şəraitdə fəaliyyətə başlayıb, ölkə və qlobal miqyasda meydana çıxan mürəkkəb problemlərə baxmayaraq fəaliyyətə başladığı andan etibarən dövlət başçısının daxili və xarici siyasətinə qanunvericilik orqanı olaraq ən yüksək səviyyədə dəstək vermişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, hüquqi dövlətin ən vacib şərti kimi hakimiyyət qollarının bölgüsü prinsipləri qorumaqla bu sinxron fəaliyyətin təmin olunmasında dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasında, 10 mart 2020-ci il tarixli yol xəritəsi xarakterli çıxışında səslənən tövsiyyələrin müstəsna əhəmiyyəti olub: “Bildiyiniz kimi, VI çağırış Milli Məclisinə növbədənkənar seçkilər özlüyündə hakimiyyətin çoxşaxəli islahat niyyətinin mühün həlqəsi və mərhələsidir. Parlament də fəaliyyətin ən yüksək səviyyədə qurulması üçün bütün zəruri addımları atmış, hətta fors-major rejimdə belə qanun yaradıcılığı, beynəlxlaq parlamentar əməkdaşlığın möhkəmlənməsi, dövlət quruculuğu siyasətinin həyata keçirilməsi üçün normativ hüquqi bazanın möhkəmlənməsi istiqamətində parlaq nailiyyətlər əldə etmişdir. VI çağırış Parlamentin əsas özəlliklərindən biri heç şübhəsiz ki, vətəndaşlarla işin daha səmərəli qurulması, həm vətəndaşlarla iş, həm qanun yarqdıcılığı, həm də beynəlxlaq fəaliyyətdə deputat fəallığının artırılması ilə səciyyələnir. Habelə, Milli Məclis tarixində bu qurumda ən əsaslı struktur islahatları məhz VI çağırış parlamentin fəaliyyət dövrünə təsadüf etdi.

VI çağırış Parlament fəaliyyətindən danışarkən, təbii ki, iki mühim, eyni zamanda ağır tarixi period, Pandemiya və Vətən müharibəsi dövrü xüsusi baxış tələb edir. Pamdemiyanın fors-major xarakterinə baxmayaraq, Milli Məclisi karantin rejimi şəraitində normativ-hüquqi bazanın yeni şərtlərə uyğunlaşdırılması, mövcud yeni münasibətlərin tənzimlənməsi istiqamətində çox çevik və məhsuldar iş ortaya qoya bildi. Vətən müharibəsi dövründə isə Milli Məclis fəaliyyətin bütün sahələrində müstəsna rola malik oldu, milli maraqların təmin olunması naminə çox gərgin və mürəkkəb bir yolu uğurla qət etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında zəfərimizin əldə olunmasında, beynəlxalq səviyyədə siyasi və diplomatik uğurlarda, milli həmrəyliyimizin möhkəmlənməsində Milli Məclisin təqdirəlayiq fəaliyyəti danılmazdır”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab İlham Əliyevin Prezident Administrasiyasının strukturunda qanunverici orqanla iş üçün ayrıca strukturu yaratmaqla ortaya qoyduğu mütərəqqi iradənin parlamentar səviyyəyə sirayət etməsi nəticəsində VI çağırış Milli Məclis fəaliyyətində hakimiyyətin digər qolları ilə çox səmərəli, eyni zamanda dayanıqlı əlaqələrin qurulması kimi çox zəruri bir proses təmin olundu: “Bu gün də Parlament konstitusiya ilə müəyyən edilmiş çərçivədə, professor Sahibə Qafarovanın Sədrliyi ilə üzərinə düşən bütün vəzifələri layiqincə və uğurla yerinə yetirməkdədir ki, müşahidə olunan reallıq Milli Məclisin istər say tərkibi, istərsə də bu tərkibin formalaşdırılması üçün tətbiq olunan sistemin uğurlu və müasir tələblərə uyğun olduğunu göstərir. Belə bir şəraitdə, konstitusion dəyişim zərurəti, yaxud yeni seçkilərin keçiriləcəyi ilə bağlı fikirlərin hansı məntiqlə irəli sürülməsi bəlli deyil. Hər şeydən öncə ona görə ki, indiki gərgin geosiyasi reallıqda özünü doğrultmuş bir mexanizmin lokal olaraq sınaqdan çıxmamış, hansı nəticələrə gətirib çıxaracağı bəlli olmayan bir sistemlə əvəzlənməsi çox ciddi riskdir. Üstəlik nəzərə alsaq ki, hazırda gündəmimizdə zəfərimizin davamlılığının təmin olunması, bölgədə sülh və sabitliyin bərqərar olunması, quruculuq, bərpa, böyük qayıdış, sərhədlərimizin delimitasiyasının yekunlaşması, yaxın dekada üzrə milli prioritetlərimizə nail olunması kimi məsələlər var, heç şübhəsiz növbədənkənar seçki ideyaları cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırmaqda maraqlı olan bəlli qüvvələrin məqsədli fəaliyyəti hesab edilə bilər. Xüsusən, postmüharibə dövrü, daxili siyasi sabitlik şəraitində, hücum siyasəti doktrinasının realizə olunduğu və bütün cəbhələrdə aşkar üstünlüyümüzü bərqərar etdiyimiz bir məqamda ölkədə növbədənkənar seçki ideyası milli maraqlarımıza cavab vermir və bu ideyanı səmimi olaraq müdafiə etmək gülüncdür. Konstitusiyada dəyişikliyi nəzərdə tutan referendum ideyasına gəlincə, aydındır ki, qanunvericilik canlı mexanizmdir və münasibətlərin inkişaf tendensiyasına uyğun dəyişikliklərin zərurəti zaman-zaman gündəmə gəlir. Lakin, hazırda Azərbaycan Respublikasında təkmil idarəetmə sisteminin, dövlət orqanları arasında fəaliyyət ahəngdarlığın mövcudluğu, hakimiyyət qolları arasında uçrumun olmaması, habelə, hazırkı seçki sisteminin müsbət cəhətlərinin mümkün çatışmazlıqlardan daha çox olması indiki məqamda ana qanunumuzun cari reallığa cavab verdiyini göstərir. Eyni zamanda, imperativ faktdır ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər və bu mənada necəki əvvəlki dövrlərdə olub, ehtiyac duyulduğu halda gələcəkdə bu instituta baş vurula bilər. Lakin, hələlik belə bir zərurət yoxdur və əks yanaşmaların heç biri ciddi hüquqi və siyasi arqumentə söykənmir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə