"Onlar Azərbaycanın haqq işini dünyaya nümayiş etdirdilər" - DEPUTAT AÇIQLADI

“Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında çox sıx dostluq münasibətləri var. Amma ilk dəfədir ki, üç parlament rəhbəri birlikdə bəyannamə imzalayırlar və bir sıra aktual məsələlərə öz ortaq mövqelərini ortaya qoyublar. Bu üç ölkənin müttəfiqlik münasibətlərinin daha yüksək səviyyəyə çatdığını və həm dövlət quruculuğunda, həm də beynəlxalq birlikdə fəaliyyətdə birgə yanaşmalar axtardıqlarının nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Bakı bəyannaməsi üç ölkənin dostluğunu bundan sonra da yüksək səviyyədə saxlayacağının nümunəsidir: “Bəyannamədə bir sıra digər aktual məsələlərə də münasibət bildirilmişdir ki, bununla da üç ölkə parlament səviyyəsində əməkdaşlığını gücləndirdiyini, mövqelərini daha da yaxşılaşdırdığını və üç ölkənin xalqları arasındakı münasibətləri daima dostluq-qardaşlıq səviyyəsində saxlamaq istədiklərini ortaya qoyur”.

Deputat sözlərinə belə davam edib: “Maraqlısı ondan ibarətdir ki, bu üç ölkə cəmiyyətlərində dostluğun əleyhinə çıxan hər hansı bir siyasi qüvvə yoxdur. Bunun özü üç şərq ölkəsinin müttəfiqliyinin digər ölkələr üçün də nümunə olacağının sübutudur. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə həm Türkiyənin, həm də Pakistanın yaxın dəstəyini hiss etdi. Hər iki ölkə müharibə dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanla bütün əlaqələri kəsdilər. Onlar Azərbaycanın haqq işini dəstəklədiyini bütün dünyaya nümayiş etdirdilər. Parlament nümayəndə heyyətlərinin bu formatda görüşü və bəyannamə imzalanması əlaqələrimizin bundan sonra da yaxın olacağını göstərir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...