“Azərbaycan və Rusiya mehriban qonşuluq, dostluq şəraitində yaşayan ölkələrdir” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq mövcuddur və əlbəttə ki, bir çox sənədlər imzalanıb ki, bu bir çox sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etməsi istiqamətində vacib sayıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya mehriban qonşuluq dostluq şəraitində yaşayan ölkələrdir: “Cənab Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri bir çox vacib məqamlarla yadda qaldı. Birincisi iki ölkənin dövlət başçılarının bir-biriləri ilə səmimi, xoş münasibəti Azərbaycan Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində ən vacib məqamlardan biridir. Dünənki görüşdə də ölkə Prezidenti cənab İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin səmimi söhbətləri bunu bir daha təsdiq edir. Eyni zamanda Azərbaycan ilə Rusiya arasında münasibətlərdə bir çox vacib məqamlar var ki, həmin münasibətlər üst-üstə düşür. Əlbəttə ki, Rusiya ilə Azərbaycan arasında indiki dövrdə ən vacib məqam koronavirus pandemiyası dövründə iki ölkə arasında olan münasibətlərin xüsusilə də iqtisadi, siyasi, humanitar əlaqələrin hansı vəziyyətdə olması və bu əlaqələrin daha da inkişaf etdirilməsi iki ölkə rəhbərinin siyasi iradəsindən irəli gəlir”.
Cavid Osmanov sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli 10 noyabr 2020-ci il tarixli bəyanatın məhz bütün müddəalarının icrasında bir daha əmin olduq ki, Rusiya da maraqlıdır: “Bu bəyanatın bütövlükdə tezliklə tam şəkildə icrasına Rusiyada çox böyük maraq göstərir. Çünki burada xüsusən bölgədə uzun müddət sülhün əmin-amanlığın əməkdaşlığın və iki ölkədə bir çox sahələrin inkişaf etdirilməsi istiqamətində vacib addımların atılması, xüsusən də Zəngəzur dəhlizinin açılmasında Rusiya da digər bölgə ölkələri kimi çox maraqlıdır. Çünki Zəngəzur dəhlizi təkcə bölgə ölkələrinin inkişafına xidmət etməyəcək, eyni zamanda böyük coğrafi məkanın bütövlükdə inkişafına tərəqqisinə böyük dəstək olacaqdır. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat dəhlizi əlbəttə ki, çox vacibdir. Bu gün Ermənistanda elə qüvvələr var ki, üçtərəfli imzalanan bəyanatın maddələrinin gecikdirilməsində maraqlıdır. Buna süni əngəllər törədirlər. Bütün maneələrə baxmayaraq 10 noyabr üçtərəfli bəyanat öz nəticələrini verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB