Prezident İlham Əliyev: “Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik”
Məlum olduğu kimi, iyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndənin Şuşa şəhərinə səfəri olub. Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər. Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçirilib, həmçinin diplomatlar Füzuli Beynəlxalq Hava Limanı, Füzuli yarımstansiyası ilə tanış olub, daha sonra Şuşa şəhərinə yollanıblar.
Qeyd edək ki, Qarabağ zəfərindən sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarına səfərləri təşkil olunub. Diplomatlar işğal dövründə erməni vandalizminin nəticələri və həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə tanış olublar. Ancaq bu səfərlərdə də ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirləri iştirak etməyiblər. Bu ölkələrin səfirlərinin Şuşa ziyarətindən imtina etməsi, əslində, gözlənilən idi. Və ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirlərinin diplomatik korpusun nümayəndələrinin Şuşaya səfərində iştirakdan imtina etməsi ictimaiyyətimizi, xalqımızı təəccübləndirmədi. Çünki təcavüzkar Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsini beynəlxalq hüququn ən kobud şəkildə pozulması halı kimi aradan qaldırmalı olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın səmərəsiz fəaliyyətinin, əslində, nəticəsiz qalmış fəaliyyətsizliyinin özü dünyanın çağdaş siyasi tarixinə beynəlxalq hüququn biabırcasına hörmətdən salınması faktı kimi daxil oldu. Və onların 30 ildəki fəaliyyətsizliyi sübut etmişdi ki, həmsədr ölkələr prosesin həllində maraqlı deyillər. Problemin həllinə mane olmaq onların əsas hədəfləri idi.
Azərbaycan Prezidenti və Ordusu münaqişənin hərbi yolla da həllini tapa biləcəyini sübut etdi
ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə Prezident İlham Əliyevlə danışıqlarda və görüşlərdə münaqişənin hərbi həllinin olmadığını, yalnız dinc yolla həll edilməsinin mümkün olduğunu bildirirdilər. Amma Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə güclü Ordunun rəşadətli əsgər və zabitlərin igidliyi ilə münaqişənin hərbi yolla da həllini tapa biləcəyini sübut etdi. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının iclasında həmsədr ölkələr Azərbaycanın əleyhinə qətnamə qəbul etmək istədilər, lakin Qoşulmama Hərəkatına üzv olan ölkələr buna mane oldu. Həmsədrlər hər fürsətdə özlərinin əsl xislətlərini, ermənipərəst mövqelərini ortaya qoydular. Hətta müharibə dövründə Ermənistanın yanında olduqlarını bildirən açıqlamalar verdilər, gizlətmədilər. Həmsədr ölkələrin niyyətləri və atdığı addımlar üzərlərinə götürdükləri bitərəflilik, neytrallıqla bağlı məsuliyyətlə ziddiyyət təşkil edir. Buna görə də, onların Şuşaya getməkdən imtina etmələri xalqımızı qətiyyən təəccübləndirmədi, amma hiddətləndirdi.
Minsk qrupunun artıq fəaliyyətinə xitam verməyin vaxtıdır...
Həmsədrlər müharibədən sonra yenidən gündəmə gəlmək, fəaliyyətlərini bərpa etməyə çalışmaq istəyirlər. Bəzən belə məlumat sızdırırlar ki, perspektivdə statusla bağlı məsələləri qaldırmaq, guya həll etmək üçün addımlar atmaq istəyirlər. Bunlar qəbuledilməzdir. Artıq hər kəs qəbul edir ki, status məsələsi yoxdur. İndiki zamanda Azərbaycan ictimaiyyəti və xalqı haqlı olaraq həmsədrlərin fəaliyyətinə etirazlarını bildirirlər. Yaxşı olardı ki, Minsk qrupu özü fəaliyyətinə xitam versin. Onların fəaliyyəti nəzərdə tutulduğu kimi regiona sülh, əmin-amanlıq gətirmədi. Əksinə, vəziyyəti daha da gərginləşdirdi, prosesi yubatdı. Hansısa həmsədr dövlət Ermənistana olan sevgisini islah etməkdən yorulmursa, zəhmət çəkib Minsk qrupunun üzvlüyünü tərk etsin və bundan sonra istədiyi kimi öz sevgisini ifadə etsin. Necə ki, Fransa prezidenti Makron Ermənistana sevgisini elə erməni dilində ifadə etdi. Məncə, Azərbaycan xalqının bu qrupa etimadsızlığını Minsk qrupu da qiymətləndirməlidir. Minsk qrupu özünün buraxılması ilə bağlı qərar qəbul etsə, bu, ən unikal və düzgün addım olar. Çünki Minsk qrupu bu mövqesizliyi ilə Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinin davam etməsinə şərait yaratdı, öz işində nəinki illəri, eləcə də on illəri bir-birinin ardına düzdü. Nəhayət, ötən ilin payızında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildən bəri icrasız qalmış 4 qətnaməsinin və öz ərazi bütövlüyünü təmin etmək barədə beynəlxalq hüququn verdiyi mötəbər əsaslarla işğalçı Ermənistanın silahlı birləşmələrini əzərək Qarabağdan qovub çıxardı. Bununla Minsk qrupunun on illər boyu uzadıb həll etmədiyi Qarabağ münaqişəsinə hərbi yolla son qoyuldu və bu qurumun mövcudluğuna isə bir ehtiyac qalmadı.
Lakin Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin Azərbaycanın haqlı sülhəməcburetmə aksiyası günlərində də ermənipərəst mövqeləri ilə məsələnin yeganə mümkün görünən hərbi yolla həllini əngəlləməkdən çəkinmədilər. Aradan keçən 8 ayda Minsk qrupunun həmsədrləri onun roluna artıq heç bir ehtiyac qalmaması faktı ilə barışmaq istəmir, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin artıq tarixə qovuşmuş olması barədə bəyanatlarından nəticə çıxarmaq istəmirlər. Görəsən, gərəksizliyini və kəsərsizliyini 3 onillik müddətində sübuta yetirmiş bir qurum özünü buraxılmış saymaq əvəzinə, indi nə ilə məşğul olmaq istəyir? Xüsusilə də, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirlərinin diplomatik korpusun nümayəndələrinin Şuşaya səfərində iştirakdan imtina etməsi, əslində, fəaliyyətsizliyi barədə illərdən bəri formalaşmış qənaətlərində nə qədər haqlı olduğunu bir daha sübut edir.
Prezident İlham Əliyev: "İndi biz diqqəti gələcəyə cəmləşdirməliyik"
"Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdir.
Dövlət başçısı bildirmişdir ki, həqiqətən də işlərin miqyası böyük olacaq: "Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik".
Bir sözlə, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirlərin diplomatik korpusun nümayəndələrinin Şuşaya səfərində iştirakdan imtina etməsi isə, əslində, fəaliyyətsizliyi barədə illərdən bəri formalaşmış qənaətlərində nə qədər haqlı olduğunu bir daha sübut etməklə, həm də ikili standartların nümunəsidir. Həmsədrlərin bu imtinası nə Azərbaycan reallığını, nə də yeni standartları dəyişə bilər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB