Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 52 il ötür. Bu 52 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı kifayət qədər geniş danışmaq olar. Çünki 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır.
Qeyd edək ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi. Nəticədə Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən 1970-ci ildə SSRİ-də milli gəlir 2 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə qədər, Azərbaycanda isə, 1,6 dəfə artmışdır) geri qalır, bu göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünü daha qabarıq surətdə göstərirdi. 1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yer tuturdu. 1966-1969-cu illərdə bu gerilik daha da artmışdı (bu müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı).
O öz Vətənini, millətini ürəkdən sevən bir Şəxsiyyət, Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir.
Öz şüurlu həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin öz vətəni, xalqı qarşısındakı əvəzsiz xidmətləri haqqında yüzlərlə kitablar yazılsa da, bu, yenə də azdır.
Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdə ölkənin sosial-iqtisadi həyatı bütün sahələrdə geridə qalırdı. Həmin zamanlar Sov. İKP MK-da belə düşünürdülər ki, Azərbaycanın neft ehtiyatları, tükənməkdə, iqtisadi, sənaye, eləcə də aqrar sahələrindəki potensial vəziyyəti isə yox səviyyəsindədir. Məhz belə bir vaxtda Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsi Azərbaycanın həyatında inkişafın başlanğıc nöqtəsi oldu. Respublikanın hərtərəfli, dinamik inkişafı ilə bağlı kompleks proqramlar işlənib hazırlandı. Əldə olunmuş nailiyyətlər Azərbaycanı keçmiş SSRİ-nin iqtisadi, sənaye və kənd təsərrüfatı cəhətdindən ən qabaqcıl respublikalarından birinə çevirdi. Məhz həmin dövrdə yaranmış güclü iqtisadi potensial SSRİ-nin dağıldığı dövrdə və ondan sonrakı illərdə də Azərbaycanın ayaq üstə durmasına səbəb oldu.
Çünki Ulu Öndər Heydər Əliyev dərindən dərk edirdi ki, hər bir millətin siyasi azadlığını təmin etmək üçün ən vacib şərt onun iqtisadi azadlığıdır. Ümumiyyətlə, o illər ərzində Azərbaycanda 200-dən çox iri və orta sənaye müəssisəsi istifadəyə verildi ki, bu da əvvəlki illərdə yaradılmış istehsal sahələrinin sayından xeyli miqdarda fərqlənirdi. Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər yüksək nailiyyətlər əldə etməyə imkan verdi. Aqrar sahədə əldə edilən ardıcıl uğurlar Azərbacanı respublikalar içində ilk yerə çıxardı.
Respublikanın ümumi həyatında davamlı inkişafa nail olmaq üçün təhsilin, elmin, səhiyyənin hərtərəfli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər planı həyata keçirilirdi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış bu addımları ölkənin elmi və kadr potensialının artmasına, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına və bu gün keçmiş İttifaq məkanında Azərbaycan diasporunun yaranmasına səbəb olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər. Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz Onun təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.
Bir sözlə, 14 iyul 1969-cu il Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Qalib Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
Bəli, bu gün 18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",- vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə isbatlayıb. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır.
Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Bu gün artıq verilən bütün vədlər reallaşıb. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin ideyaları və əməlləri Onun siyasi və layiqli varisi, qadib Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində müstəqil Azərbaycanın yeni-yeni zirvələri fəth etməsinə böyük imkanlar yaradıb və bu, əbədi olaraq belə olacaq!
HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB