Prezident İlham Əliyev: "Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır"
"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə nitq söyləyərkən bildirib. İyirmi birinci yüzilliyin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında əsas şərtlənirici amil oldu. Təbii ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında qalib ölkə olduğunu göstərə bildi. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi və üçrəngli bayrağımız yolumuzu gözləyən torpaqlarımızda dalğalandı. Bu gün bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun dünyanın qabaqcıl ölkələri sırasında adı çəkilir.
Cənab İlham Əliyevin nitqində qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi: "Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik".
Bu gün güclü Azərbaycan Ordusunun qələbəsi köçkünlərin doğma yurdlarına qayıtmasına səbəbdir. 44 günlük Vətən müharibədə dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınması, yaşayış yerlərinin dağıdılması dünyanın müxtəlif yerlərindən gəlmiş media nümayəndələrinin diqqətində oldu və yayımlanan reportajlarda ermənilərin törətdikləri hər bir vəhşilik dünyaya nümayiş etdirildi.
"BİZ BÜTÜN GÜCÜMÜZÜ SƏFƏRBƏR EDİB BU MÜHARİBƏDƏ QƏLƏBƏ QAZANARAQ DÜŞMƏNİ TORPAQLARIMIZDAN QOVDUQ"
Əlbəttə ki, xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi tarixi qələbəmizin əldə olunmasına səbəb oldu. Bu, Azərbaycanın siyasi-diplomatik qələbəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə yeni səhifə əlavə etdi. Qələbə tarixini yazdı. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", deyən Azərbaycan Prezidenti bildirib ki, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi.
Artıq müharibənin başa çatmasından 7 ay ötür. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Bu gün Azərbaycanda yeni bir həyat başlayıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlara yenidən nəfəs gəlir və bu məkanların infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa işinə star verib, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır. "Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük" deyən dövlət başçısı diqqətə çəkib ki, bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik: "İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır".
"GÜN GƏLƏCƏK, BİZ ŞUŞADA BAX BU GÖVHƏRAĞA MƏSCİDİNİ BƏRPA EDƏCƏYİK"
Ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunun nümayişi oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür. Əlbəttə ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. "2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi", deyən Cənab Prezident onu da bildirib ki, biz Aprel döyüşlərindən sonra "Böyük Qayıdış"ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik: "Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən Mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik". Həmin zaman yetişib. Bu gün Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb. Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb.Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı imkan verəcək ki, tezliklə işğaldan azad olunan ərazilərimiz yeni və müasir məkana çevriləcək.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB