"Ermənistan işğalçılıq siyasəti ilə heç bir inkişafa nail ola bilməyəcək" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanın apardığı məqsədyönlü siyasət və miqyaslı işlər sayəsində 30 il müddətində torpaqlarını işğal altında saxlayan Ermənistan 44 günlük müharibədə məğlub oldu. Son 30 illik dövrə nəzər salsaq, hər ötən ildə Ermənistan iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycandan ciddi şəkildə geri qalmaqda idi və bu proses hazırda da davam edir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə çıxışı zamanı bir çox önəmli məsələyə toxunub: “Ermənistan üçün hazırda yeganə çıxış yolu Azərbaycanın regiona təqdim etdiyi inkişaf yolunu qəbul etməkdir. Ermənistan qonşu dövlətlərlə əməkdaşlıq yolunu seçərsə, gələcəkdə regional layihələrdə yer almaq şansı qazanar. Hazırda Azərbaycanın formalaşdırdığı siyasət Ermənistanı bütün böyük iqtisadi layihələrdən kənarda qoyub".
Deputat bildirib ki, hazırkı mərhələdə Ermənistan öz inkişafı üçün yeni imkanlar yarandığını dərk edib dəyərləndirməlidir: “Ermənistan hakimiyyəti düzgün siyasi kurs götürərsə, ölkənin 30 illik geridə qalmış iqtisadiyyatını qismən də olsa, dirçəldə bilər. Bunun üçün Ermənistan ilk növbədə heç bir təxribata yol vermədən Azərbaycanla dövlət sərhədlərinin müəyyən edilməsi işini aparmalıdır. İkinci vacib məsələ sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdır".
S.Mikayılova əlavə edib ki, Ermənistanda son seçkilərdə revanşist qüvvələrin hamılıqla dəstəklənməməsi də erməni cəmiyyətinin müəyyən qədər vəziyyəti başa düşdüyünü göstərir: "Yəni artıq açıq-aşkar aydındır ki, regionda qonşu dövlətlərin ərazilərinə iddialar etməklə, işğalçılıq siyasəti yürütməklə Ermənistan heç bir inkişafa nail ola bilməyəcək. Azərbaycanın şərtləri isə qısa və konkretdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB