“Uşaqlar bizim gələcəyimizdir\"

“Uşaqlar bizim gələcəyimizdir\"

1 iyun tarixi 1954-cü ildən bu günə qədər Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda da bu günü müxtəlif qurum və təşkilatlar, ayrı - ayrı insanlar tərəfindən hər il qeyd olunur. ANS telekanalının "Qadın saatı" verilişinin kollektivi də bu günə biganə qalmayıb. SİA-nın məlumatına görə, onlar bu gün xeyriyyə aksiyası keçirməyə qərara alıblar.

Verilişin aparıcısı, müğənni Nura Surinin təşkilatçılığı ilə həmin gün Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində xeyriyyə tədbiri keçirilib.

Nura Suri ilə yanaşı xeyriyyə aksiyasında sənətçilərdən Kərim, Elnur, Natavan Həbibi, tanınmış vizajist Nigar İbrahimova iştirak ediblər. Həmin gün sənətçilər internat məktəbində uşaqlar üçün maraqlı konsert proqramı da təşkil ediblər. Müğənnilər repertuarlarında olan ən populyar mahnıları uşaqlar üçün ifa ediblər. Yeri gəlmişkən onu da qeyd edək ki, sənətçilər uşaqların yananı əliboş da getməyiblər. Sənətçilərimiz internat məktəbində olan uşaqlara sovqatlar və digər ehtiyaclarını ödəyəcək hədiyyələr də alıblar.

Mərasimdə çıxış edən Nura Suri bildirib ki, indiyə qədər bir çox uşaq evlərində olsalar da, Suraxanıda yerləşən 7 saylı internat məktəbinə o qədər də gələn olmayıb. Ona görə də bu dəfə onların yanına gəlməyə qərar veriblər: "Uşaqlar bizim gələcəyimizdir. Onları ildə bir gün deyil, hər gün qayğı və diqqətlə əhatə etməliyik. Heç bir uşaq diqqətdən, qayğıdan kənarda qalmamalıdır. Körpələrimiz, uşaqlarımız təkcə maddi yox, mənəvi diqqətə də ehtiyac duyurlar. Hər bir vətəndaş onlara mənəvi diqqət göstərməyə borcludur\".

Təbirdə iştirak edən Nigar İbrahimova da qeyd edib ki, internat məktəbində əl qabiliyyəti olan, gələcəkdə vizaj sənəti ilə məşğul olmaq istəyən bir nəfərə vizaj ustası kimi kömək edəcək.

Tədbirdə sənətçilərin ifasında rəngarəng proqram təqdim olunub. Sənətçilərimizlə birgə uşaqlar da qol qaldırıb oynayıblar. Onlar sözün həqiqi mənasında uşaqlara bayram gecəsi yaşadıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə