İşğaldan azad olunmuş ərazilərimizdə inkişafın yeni təntənəsi - ŞƏRH

İşğaldan azad olunmuş ərazilərimizdə inkişafın yeni təntənəsi - ŞƏRH

Prezident İlham Əliyev: “Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”

Prezident Rəcəb Tayyib Ərdoğan: “Biz işğaldan azad olunan əraziləri yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik”

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq.

İunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Qarabağın ürəyi olan Şuşada Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalamaqla işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə Qarabağı cənnətə çevirəcək. Möhtərəm Prezidentimiz də çıxışlarında dönə-dönə bildirib: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

Bəli, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunu yaradılıb. Artıq bir sıra dost ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı bu istiqamətdə atılan daha bir mühüm addım oldu. Yüksək və müasir standartlarla həyata keçirilən bərpa-quruculuq işlərinə, ilk növbədə, Şuşadan başlanıldı. Qısa zamanda Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Şuşanı dirçəldəcəyik.

Prezident İlham Əliyev: “Otuz ilə yaxın davam edən işğala Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə son qoydu”

Prezident İlham Əliyev iyunun 15-də Şuşada mətbuata bəyanatında Türkiyənin müharibə dövründə Azərbaycana dəstəyindən danışarkən bildirib ki, "İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu: «Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi".

Prezident qeyd edib ki, indi yeni dövr başlayır. “Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur. Siz də oradan keçmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerləbir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi".

Prezident İlham Əliyev: “Şuşa bəyannaməsinin adı müttəfiqlik haqqında bəyannamədir”

“Bu gün həyatımızın tarixində əlamətdar, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşada salamlayırıq. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”. Bu sözləri Prezident İlham Əliyev iyunun 15-də Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Şuşa bəyannaməsi əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: "Bəyannamənin adı müttəfiqlik haqqında bəyannamədir. Bu ad özü özlüyündə hər şeyi göstərir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Dəfələrlə çıxışlarımda demişəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var ki, bu birliyi təmin edir. İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və xalqlarımızın qardaşlığı".

Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

Azərbaycan Prezidenti: “Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil”

“Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşa keçən il noyabrın 8-də işğaldan azad edildi. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən, görür ki, bu alınmaz qala sayılan şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlı, şücaət tələb edirdi”.

Bunu Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib və deyib ki, bugün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirir: "İkinci Qarabağ müharibəsi başlanan ilk gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, qəti və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı".

Dövlətimizin başçısı deyib: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşa keçən il noyabrın 8-də işğaldan azad edildi. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən, görür ki, bu alınmaz qala sayılan şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlı, şücaət tələb edirdi”.

Prezident İlham Əliyev: “Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı çox açıq ifadələr əksini tapıb”

"Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir". Dövlətimizin başçısı deyib: "Bəyannamədə bir çox önəmli məsələlər əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Demək olar ki, bütün sahələr əhatə olunub. Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir".

Prezident İlham Əliyev qeyd edib ki, Bəyannamədəki hər bir məsələnin çox mühüm əhəmiyyət daşıyır: “Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, bu Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Önəmli məsələlər arasında ikincisi nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi”

"Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi". Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyənin dövlət başçısı deyib: "Hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri nə hala gətirdiyinin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransı üçün olduqca anlamlı bir yer seçib. Bir tərəfdə valilik binası, o biri tərəfdə də təəssüf ki, ermənilərin, necə deyərlər, yerlə-yeksan etdikləri bir bina. 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevi rəhmətlə anırıq, ruhu şad olsun deyirik.

Bildiyiniz kimi, qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, başqa bir həyəcan var idi. Altı ay sonra qədim Şuşa şəhərində onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz söz, çox şükür, yerinə yetirildi”.

Türkiyə Prezidenti: “Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq”

"Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram. Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər hazırda fasiləsiz davam edir. İnşallah, ən qısa vaxtda bölgə hava limanına, hava limanlarına da qovuşacaq. Təkbətək görüşdə də əziz qardaşım bunları mənə xüsusilə danışdı. Hava limanına, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və inanıram ki, bu bölgə o dövrdə turizmdə də ciddi bir sıçrayışı yaşayacaq”.

Türkiyənin dövlət başçısı deyib: “Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik”

Prezident Rəcəb Təyyub Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında bildjirib ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik: “Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən, digər tərəfdən də Qarabağın və Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik: “Bizim də bu sahədə, inşallah, Mənzil İnşaat İdarəmizlə birlikdə burada bütün bölgədə planlaşdırdığımız addımlar var. Mənzil İnşaat İdarəmizlə buradakı aidiyyəti qurumla birlikdə çalışaraq bu addımları atacağıq”.

Türkiyə Prezidenti bölgədə təsiri olan hər kəsi Azərbaycanın Zəfərini qəbul etməyə və gələcəyə baxmağa çağırıb

Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik. Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib ki, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin əməkdaşlığı təşviq etməsi əsas şərtdir: «Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.

Türkiyə Prezidenti: “Yeni bir Qarabağ ərsəyə gətirəcəyik”

“Biz işğaldan azad olunan əraziləri yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik», deyən türkiyə Prezidentinin sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər: “Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi”.

Beləliklə, Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. Bu reallıqlar iki dövlətin bundan sonra da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətlərinin uğurla inkişaf edəcəyini deməyə əsas verir. Heç şübhəsiz, Azərbaycan və Türkiyə birgə addımlayaraq yeni zəfərlər qazanacaq, böyük tarixi nailiyyərlərə imza atacaq, Azərbaycanla Türkiyənin dövlət qurumları arasında münasibətlərimiz daha da dərinləşəcək, işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində daha isti münasibət göstərəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə