Ermənistan “sükut”a qərq oldu ERMƏNİSTANDA “SÜKUT GÜNÜ”

Bu gün Ermənistanda sükut günüdür və bununla əlaqədar olaraq hər hansı bir seçkiqabağı təşviqat, debat, seçicilərlə görüşlər, təşviqat materiallarının paylanması qadağandır və ictimai rəy sorğularının nəticələrini belə dərc etmək qadağandır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, 12 günlük təşviqat kampaniyasından sonra Ermənistanda parlament seçkiləri ərəfəsində “sükut günü” elan edilib.

Qeyd olunur ki, rəsmi olaraq "sükut günü" səsvermə başlamazdan bir gün əvvəl, şənbə günü gecə yarısı başlayıb. Kütləvi tədbirlər, çıxışlar, hər hansı bir vasitə ilə təşviqat aparmaq qadağandır. Ermənistan qanunlarına görə, siyasi kampaniya aparma qaydalarının pozulması, 200 min dram ilə 600 min dram arasında cərimə şəklində inzibati məsuliyyətə səbəb olur. Seçki günü və ondan əvvəlki gün yayım, peyk yayımı da daxil olmaqla, həyata keçirən mətbu orqanlar, radio şirkətləri və televiziya şirkətləri vasitəsi ilə təşviqat aparma cərimə tətbiq edilməsini tələb edir. Bu istiqamətdə informasiya fəaliyyətini həyata keçirən şəxs və ya rəhbər isə 500 min dramdan 700 min dram arasında cərimələnir.

Xatırladaq ki, Ermənistanda sabah keçiriləcək seçkilərdə rekord sayda, 25 siyasi qüvvə, 4 blok və 21 partiya iştirak edir. 2,583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var ki, bunlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər ki, onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir. Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, ittifaqlar üçün 7% müəyyən edilibdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə