"Ermənilər başlarına çarə tapmalıdırlar" KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ermənistanda keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kompaniyası bu ölkənin siyasi dairələrinin, deputatlığa namizədlərin iç üzünü, faşist təfəkkürünü, xalqa və bir-birlərinə münasibətini, gələcək planlarını bir daha açıb göstərdi. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrir Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Kimitə sədri vurğulayıb ki, xalqın, vətənin adından çıxış edən namizədlər, onların tərəfdarları qarşı tərəflərə təhqir, böhtan ifadələri işlətməklə, bir-birlərini cəsus, xain, alçaq adlandırmaqla, eyiblərini, saxtakarlıqlarını, insanlığa zidd əməllərini açıb ortaya qoymaqla, nəinki özlərini, erməni xalqını rüsvay etdilər, bu dövlətin kimlər tərəfindən idarə olunduğunu, hansı məqsədlər uğrunda mübarizə aparıldığını dünyaya nümayiş etdirirlər.

“Ailə-məişət, kef-damaq səviyyəsində aparılan təbliğat-təşviqat işləri ölkənin gələcək inkişafı, xalqı bəlalardan, ağır böhrandan qurtulması üçün heç bir yaxşı nəticə vəd etmir. Daxili çəkişmələr, siyasi təhqir çərçivəsindən kənara çıxmır və insanlarda sabaha ümid oyatmır. Qarşılıqlı ittihamlar şəraitində keçən görüşlər, söhbətlər belə təsəvvür yaradır ki, yalnız bu dövlətin bugünkü ağır durumunda, ancaq və ancaq Paşinyan günahkardır. Robert Koçaryan və Serj Sarksiyan, eləcə də digər namizədlər özlərini xalqa qalib bir dövlətin sabiq rəhbərləri kimi təqdim edirlər. Onlar dərk etmirlər ki, Ermənistanın çətin vəziyyətə düşməsinə səbəbkar özləridir, onların çirkin əməlləri, millətçilik ideologiyası, faşist təbliğatıdır.

Dövləti çapıb-talayanlar, var-dövlət toplayanlar, insanları dilənçi vəziyyətinə salanlar hakimiyyətə gələcəkləri halda yenidən ermənilərə ağ gün qazandıracaqlarını, torpaqları geri qaytaracalarını vəd etsələr də artıq xalq onlara inanmır. Bu gün ağlı başında olan ermənilərin əksəriyyəti gələcəyə ümidlə baxmır. Onlardan xaricə kütləvi axın müşahidə olunur. Son 4 ayda 80 mindən çox erməninin xarici dövlətlərə üz tutması Ermənistandakı çıxılmaz vəziyyətin göstəricisidir. Deputatlığa namizəd Mikayıl Hayrapetyan “Ermənilər gələcəyi olmayan xalqdır” deməklə, digər siyasətçilər, “Biz uçuruma gedirik”, “Vətəndaş müharibəsi qaçılmazdır”, “Reallıqlarla barışmalıyıq”, söyləməklə, ölkədəki ağır durumun aydın tablosunu yaradırlar. Bu həqiqətdir və erməni xalqı həqiqəti dərk edib öz başına çarə qılmalıdır. Əks düşüncə, əməl onları həqiqətən də məhvə aparır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə