AXC-nin hüquqi varisi olan müstəqil Azərbaycan dünya birliyində layiqli yer tutur

AXC-nin hüquqi varisi olan müstəqil Azərbaycan dünya birliyində layiqli yer tutur

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur. AXC yarandığı zamandan xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Belə ki, həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin, menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olurdular. Lakin bütün bu çətinliklərə baxmayaraq, Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb. Qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirilib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub.

Bu gün ölkəmizin dinamik inkişafından, uğurlu daxili və xarici siyasətindən, Zəfər tarixindən və s. yazan dünya mətbuatının gündəmində 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma Gününə həsr olunmuş məqalələr də yer alır. 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixdən 103 il ötür. Bu münasibətlə dərc olunan məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən bəhs olunur. İndoneziyada və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının internet səhifəsində 28 May – Respublika Günü münasibətilə Azərbaycan haqqında dərc olunan "Azərbaycan 103-cü yaşını qeyd edir" sərlövhəli məqalədə əvvəlcə Asiya və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşən, zəngin və qədim mədəniyyətə malik ölkəmiz haqqında qısa məlumat təqdim olunub. AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.

Azərbaycan ilə ASEAN arasında münasibətlərin yaranmasının tarixindən bəhs edən müəllif hazırda tərəflər arasında enerji, müdafiə sənayesi, ticarət, turizm, infrastruktur, texnologiya və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının yüksək olduğunu vurğulayıb. Məqalədə Azərbaycanda azsaylı xalqların mövcudluğundan bəhs edərək, onların uzun illərdir sülh, bərabərlik şəraitində yaşadıqları vurğulanır. Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərlir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycanda həm məscidlərimiz, həm də qeyri-xalqların dini abidələri qorunur, abadlaşır. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin göstəricisidir. Bu müxtəlif dinlərə olan münasibətdir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Bu gün ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri dünya ölkələrində təbliğ olunur və buna maraq artmaqdadır.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəyə çevrilib, regional problemlərin həllində əsas söz sahibidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 30 ildən sonra Azərbaycan 44 günlük müharibədə Qələbə qazandı, işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi.

AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur. Bu uğurlarımız və tarixi irsimiz, nailiyyətlərimiz dünya mətbuatının diqqətindən kənarda qalmır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə