"Kremlin Sarkisyana etimadı zəifləyib" POLİTOLOQDAN AÇIQLAMA

"Kremlin Sarkisyana etimadı zəifləyib" POLİTOLOQDAN AÇIQLAMA

"Ermənistanda seçkilər yaxınlaşdıqca, mübarizə aparacaq qüvvələrin də kimliyinə yavaş-yavaş aydınlıq gəlir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, Koçaryan və Sarkisyan ayrı-ayrı blokların tərkibində seçkilərə qatılacaq: "Koçaryan "Daşnaksütyun" və "Yüksələn Ermənistan" (partiya bu ilin mart ayında təsis olunub) partiyalarının yer aldığı "Ermənistan" adlı bloka rəhbərlik edəcək. Sarkisyan isə Artur Vanetsyanın rəhbərlik etdiyi "Vətən" partiyası ilə birgə blokun tərkibində seçkilərə qatılır. Qeyd edim ki, bu partiya da 2 ay əvvəl yaranıb. Qarabağ klanının elektoral bazası zəif olan partiyalarla seçkilərə qatılmağı maraq doğurur. İlk baxışdan belə bir təəssürat yaranır ki, Qarabağ klanı parlamentdə müxtəlif adlar altında daha böyük qüvvə ilə təmsil olunmaq istəyir. Amma digər tərəfdən bu iki siyasi fiqurun ayrı-ayrı cəbhələrdə seçkilərə qatılması Moskvanın da ssenarisi ola bilər.

Xatırlatmaq istərdim ki, 2018-ci ildə "inqilab" hadisələrindən sonra Kremlin Sarkisyana etimadı zəifləyib. Həmin prosesdə Sarkisyanın Moskva ilə məsləhətləşmədən qərar verməsi ikincinin qəzəbinə səbəb olmuşdu. Bu baxımdan ola bilər ki, Moskva Sarkisyan olmadan, Koçaryanın timsalında parlament müxalifəti yaratmaq istəyir. Böyük ehtimalla, Sarkisyanın bloku parlamentdə təmsil olunmaq üçün zəruri olan səs faizi baryerini aşa bilməyəcəyik. Bu ilin aprel ayında Ermənistan seçki məcəlləsinə edilən dəyişikliyə görə bloklar parlamentdə mandat əldə etmək üçün minimum 8% səs toplamalıdır. Əvvəllər bu göstərici 7% idi. Reytinqi onsuzda yerlərdə sürünən Sarkisyanın yenicə yaranmış bir partiya ilə bu səs faizini keçməsi inandırıcı görünmür. Yeri gəlmişkən, məcəlləyə edilən bu dəyişiklik Paşinyanın seçki qabağı siyasi opponentlərini neytrallaşdırmaq üçün həyata keçirdiyi preventiv tədbir kimi qiymətləndirilə bilər".

Politoloq həmçinin qeyd edib ki, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın da seçkilərə qatılacağı artıq dəqiqləşib: "O, rəhbərlik etdiyi "Ermənistan Milli Konqresi" partiyası ilə seçkilərə gedir. Qeyd edim ki, aprel ayında edilən dəyişikliyə əsasən, partiyaların parlamentdə təmsil olunması üçün səs faizi 5-dən 4-ə endirilib. Bu, Levonun şanslarını bir qədər artırır. Ümumiyyətlə, onun son vaxtlar həm Paşinyanı, həm də Sarkisyan-Koçaryan cütlüyünü ittiham edən bəyanatları erməni cəmiyyətində böyük əks səda yaratdı və eyni zamanda ona seçkiqabağı müəyyən rəğbət qazandırdı. Rəy sorğuları onu göstərir ki, müharibə canisi, kriminal Robert Koçaryanın reytinqi yüksələn templə davam edir. Paşinyanın uğursuz sərhəd təxribatı da gözlənilən effekti vermədiyi üçün cəmiyyətdə ona qarşı nifrət bir qədər də artmışdır. Bütün bunlara baxmayaraq, onun digər siyasi qüvvələrlə müqayisədə daha çox səs faizi əldə edəcəyi gözlənilir, fəqət ehtimal olunan nəticələrlə Paşinyan təkbaşına hakimiyyət qura bilməyəcəyi üçün, onun kiminlə koalisiyaya gedəcəyi maraqlıdır. Böyük ehtimalla, "Qarabağ klanı"nı hakimiyyət ortağı etməyəcək. Bununla belə 20 iyundan sonra siyasi xaosun dərinləşəcəyi istisna deyil. Seçkilərin nəticələrini isə əsasən qərarsız və heç bir siyasi qüvvəyə inanmayan seçicilərin 20 iyundakı fəallığı müəyyən edəcək. Onlar təqribən 40-50 faiz civarında kantingenti əhatə edirlər. Onların seçki gününə qədərki qərarları həlledici ola bilər".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə