Naxçıvan səfəri zamanı Prezidentin təqdirəlayiq müsahibəsi

Naxçıvan səfəri zamanı Prezidentin təqdirəlayiq müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Hər bir Azərbaycan vətəndaşı həmin müsahibəni izləyəndə ürəyi qürur hissi ilə dolur. Prezident İlham Əliyev çıxışında xüsusilə Dağlıq Qarabağ münaqişəsinə, Dağlıq Qarabağ ərazi vahidinə öz münasibətini bildirdi və dümənə sərt cavabını və mövqeyini bir daha bəlli etdi.

Prezident demişdir:

“ Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.

Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq.

O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin. Ona görə məsələhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar.

Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.

Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.

Asim Şükürov,

Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə