“Möcüzələr vəd etmirik, amma...” İşxan Saqatelyan

Ermənistanın ikinci prezidenti Robert Koçaryan, "Daşnaktsutyun" və "Yüksələn Ermənistan Partiyası", "Ermənistan İttifaqı" tərkibində qarşıdakı parlament seçkilərində iştirak edəcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Daşnaktsutyun" Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan ölkənin ikinci prezidenti, "Daşnaktsutyun" və "Yüksələn Ermənistan Partiyası" arasında siyasi əməkdaşlığın başlanması ilə bağlı təntənəli tədbirdəki çıxışında deyib.

"Baha qiymətə qazanılan qələbə əlimizdən alındı. Minlərlə insanın həyatı bahasına ələ keçirilən torpaqlar əldən çıxdı. Ləyaqətimiz alçaldıldı, bizi sındırmağa və məhv etməyə çalışırlar. Bu gün erməni xalqının tarixinin ən taleyüklü məqamlarından biridir. Hərbi-siyasi, mənəvi-psixoloji, sosial-iqtisadi olmaqla, çoxtərəfli böhran içindəyik. Yalanlara qarşı mübarizəmizə davam edirik.
Üç il ərzində bir nifrət mühiti səpdilər, ayrılan xətlər çəkdilər, bu da minlərlə qurbana, itkilərə, məğlubiyyətə səbəb oldu. Bu şər qüvvəsi getməlidir, bunu edəcəyik və Ermənistan İttifaqı adıyla edəcəyik", deyə Saqatelyan bildirib.
O, qarşıdakı seçkilərin ən məsuliyyətli və həlledici olacağına əminlik ifadə edib.
"Bu, ləyaqət və köləlik, məsuliyyət və izdihama rəhbərlik, iş və parazitizm, səmimiyyət və yalan, firavan həyat, inkişaf və ümidsiz gələcək arasında seçimdir. Bu, həm də bir dövlətə sahib olub-olmamaq problemidir.
Möcüzə vəd etmirik, amma ölkənin mövcud vəziyyətdən çıxarmağa çalışıcağıq. Bunu bu günün və gələcəyin xeyrinə etməliyik. Məğlubiyyəti qəbul etməməliyik, ayaq üstə durmalıyıq.
Effektiv idarəetməni təmin etmək üçün ləyaqətli bir sülh, milli həmrəylik qurmalıyıq. Ədalət və qanun qarşısında hamının bərabərliyini təmin edilməlidir", deyə Saqatelyan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə