Qoşa qanad: Azərbaycan və Heydər Əliyev

Azərbaycan ictimai fikir və dövlətçilik tarixində hər zaman görkəmli şəxsiyyətlər olmuşdur. Xüsusilə xalqımızın dövlətçilik tarixi şanlı səhifələrlə zəngindir. Bununla belə, bu gün heç kəsə sirr deyil ki, Azərbaycan tarixində dövlət başçıları arasında Heydər Əliyev qədər ümumxalq sevgisi qazanan bir dövlət xadimi tapmaq çətindir. Hətta onun rəqibləri belə onun nəhəngliyini etiraf etməyə məcbur olmuşlar. Ulu Öndərimiz Heydər Əliyevin fiziki yoxluğundan 18 il ötür. Lakin O, tarix etibarı ilə bizdən nə qədər uzaqlaşırsa o qədər nəhəng, o qədər möhtəşəm görünür. Heydər Əliyev öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlığı ilə öz adını Azərbaycan tarixinə ədəbi həkk eləmiş nadir şəxsiyyətlərdəndir. Onun keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə nümunədir, örnəkdir. Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına öz parlaq səhifəsini yazmamış olsun. Azərbaycan xalqının yaradıcı insanları, şairləri, yazıçıları, rəssamları, heykəltəraşları, bəstəkarları, elm adamları, incəsənətin bütün nümayəndələri özlərinin ən şah əsərlərini Heydər Əliyevə həsr etmiş və möhtəşəm sənət inciləri yaratmışlar. Ona həsr edilmiş cild-cild kitablar nəşr edilmişdir. Bir vaxtlar səfər etdiyi rayonlarda, kənd və qəsəbələrdə çıxış etdiyi meydanlarda, əhali ilə keçirdiyi görüşlərdə indi onun abidəsi ucaldılmışdır. Dünyanın məşhur dövlət xadimləri ABŞ-ın Prezidenti Corc Buş, Fransanın Prezidenti Jak Şirak, İngiltərənin baş naziri Toni Bleyr, Rusiyanın Prezidenti Vladimir Putin, Türkiyənin Prezidenti Əhməd Necdət Sezər, ÇXR sədri Xu Szintao, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və daha kimlər Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzu, dünyada sülhə verdiyi töhfələri, Azərbaycan xalqı ilə dünya xalqları arasında dostluq əlaqələrinin qurulmasını, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında, Azərbaycan dövlətinin ayrı-ayrı dövlətlərlə qarşılıqlı dostluq münasibətlərinin qurulmasında rolunu, xidmətlərini qeyd etmiş, onu dünya səviyyəli bir siyasətçi, dövlət adamı olduğunu dəfələrlə vurğulamışlar. Heydər Əliyev Azərbaycanda iki dönəmdə hakimiyyətdə olmuşdur. Hər iki dönəmdə O, həyatının mənasını xalqa xidmət etməkdə görürdü. Poeziyamızın Peyğəmbəri hesab edilən şeyx Nizami deyirdi: 4 Xidmət etmək işidir kişilikdən nişana, Xalqına xidmət etmək bir şərəfdir insana. Ulu öndərimiz də elə peyğəmbərcəsinə deyirdi. “Mənim həyatımın mənası xalqıma xidmət etməkdən ibarətdir”.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər vəzifəsinə təyin edilərkən Azərbaycan çox acınacaqlı durumda idi. Keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərinə görə sonuncu yerlərdə qərar tuturdu. Onun fitri istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan bütün göstəriciləri ilə ölkədə ön cərgəyə çıxdı. 10 il dalbadal keçmiş SSRİ-nin ən yüksək mükafatına “Keçici Qırmızı Bayrağa” layiq görüldü. Azərbaycanı aqrar respublikadan aqrar-sənaye respublikasına çevirdi, sənayenin kimya, maşınqayırma, elektrotxnika sahələri üzrə güclü sənaye kompleksləri yaratdı. Əslində, Ulu öndər müdrik uzaqgörənliklə o illərdə yaranmış tarixi situasiyalardan məharətlə istifadə etməklə gələcək müstəqil Azərbaycanın təməlini qoyurdu və müstəqillik illərində tarix Ulu öndərimizin nə qədər uzaq görən şəxsiyyət olduğunu sübut etdi. Eyni zamanda, Ümumilli lider milli ruhun oyanışını təmin etdi. Milli yaddaşı bərpa etdi. Milli mənlik şüurunun, milli kimliyin dərk edilməsini təmin etdi. İndi həmin dövrdə yaşamış insanlar yaxşı xatırlayırlar ki, əslində, Heydər Əliyev o illərdə hər bir Azərbaycanlının milli mənlik simvoluna çevrildi. O dövrdə bütün SSRİ məkanında Azərbaycan deyiləndə Heydər Əliyev, Heydər Əliyev deyiləndə Azərbaycan başa düşülürdü. 1991-ci ildə SSRİ bir imperiya kimi süqut etdikdən sonra, öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk illərində daha acınacaqlı hallarla üzləşdi. Bir tərəfdən keçmiş SSRİ rəhbərinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, bir tərəfdən ölkənin cənubunda və şimalında beynəlxalq güclərin təhriki ilə başlamış separatçılıq prosesləri, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə və ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olması Azərbaycanı məhv olmaq və tarix səhifəsindən silinmək həddinə gətirib çıxarmışdı. Belə bir şəraitdə Tanrı Heydər Əliyevi xilaskar missiyası ilə yenidən xalqa göndərdi. 1992-ci ilin ölkənin mütləq əksəriyyətinin fikrini ifadə edən görkəmli Azərbaycan ziyalılarının müraciəti əsasında Azərbaycanın düşmüş olduğu acınacaqlı vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevin başçılığı ilə 5 Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda təssis edilən YAP tarixi zərurətdən yaranmışdı. Xalqın və dövlətin düşmüş olduğu son dərəcə kritik vəziyyətdən yeganə çıxış yolu bu idi. YAP-ın yaradılması, Ulu öndərin bir başa müəllifliyi və rəhbərliyi ilə hazırlanmış və qəbul edilən YAP-ın nizamnaməsi və proqramı əslində gələcəkdə o vaxtadək hələ konstitusiyası və inkişaf proqramı olmayan müstəqil respublikanın hüquqi əsaslarını, təməl prinsiplərini müəyyən edirdi. 1995-ci ildə Ulu öndərin bir başa təşəbbüsü, müəllifliyi və rəhbərliyi ilə işlənib hazırlanan və referendumda qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi, əslində, müstəqil Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə başlanan uğur yolunun başlanğıcı, zəfər salnaməsinin ilk addımları idi. Bu yolun başanğıcı asan olmadı. Bu yol məhrumiyyətlər, çətinliklər, problemlər, xəyanətlər, sui-qəsd cəhdləri ilə müşayiət olundu. Lakin Ulu öndəri öz düz yolundan, doğru yolundan, məsləkindən döndərmək mümkün deyildi. Karvan öz yolu ilə irəliləməkdə idi. Karvan başı DAHİ idi. Əqidəsindən, amalından, məqsədindən dönməyən, ünvanını, məqsədini, hədəfini aydın bilən, aydın görən, bu yolda bütün çətinliklərə məhrumiyyətlərə sinə gərməyi bacaran və özünə əmin olan DAHİ. Ömrünün son 10 ilində 100 ilə sığışmayan işlər gördü bu Dahi. 10 ildə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirdi. Hakimiyyətin 1-ci dövründə hazırladığı özül üzərində müasir, müstəqil Azərbaycan adlanan möhtəşəm bir dövlətin, möhtəşəm binasını kərpic-kərpic ucaltmağa başladı... İndi ona nə SSRİ höküməti, nə onun direktivləri, nə də yuxarıdan, aşağıdan təzyiqlər mane olurdu. Ulu öndər bütün istedadı, arzusu və istəyi ilə uzun illər arzuladığı müstəqil Azərbaycan adlanan bir dövləti qururdu. 2003-cü ilədək Ulu öndər təkcə Azərbaycanı qurmadı. O, eyni zamanda, Azərbaycançılıq adlanan ideologiyanın əsaslarını müəyyənləşdirirdi. Hansı ki, bu ideologiyanın kökündə milli dövlətçilik, milli təkamül, milli-mənəvi dəyərlər, xalqın ən ali, ən uca ülvi hiss və duyğularını tərənnüm edən dəyərlərin ümumi ifadəsi durur. Ümumilli liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən biri də xalqın və dövlətin sabahı üçün varis yetişdirməsi idi. Bütün məsələlərdə olduğu kimi o bunu da məharətlə müəyyənləşdirdi. İndi cəmi 30 yaşı olan müasir müstəqil Azərbaycanın bugünkü və sabahkı taleyi üçün narahat olmağa ehtiyac yoxdur. Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanı arxasında Ulu öndərin varisi, onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi İlham Əliyev durur. Ulu öndərin “özü qədər inandığı” İlham Əliyev. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu öndər tərəfindən müəyyənləşdirən strateji xətti müasir tarixi şəraitdə, müasir çağırışlara uyğun olaraq uğurlu davam etdirir. Bu gün Azərbaycan dünya xəritəsində bir nöqtə olmasına baxmayaraq dünya hadisələrinin idarə olunmasında çox mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyinin 21-ci ilində 115 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bir müddət BMT Təhlükəsizlik Şurasına başçılıq etdi. Hazırda dövlətimizin başçısı iki beynəlxalq təşkilata Türk Şurasına və Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmiz dünyada az sayda olan Kosmik ölkələr sırasındadır. Azərbaycan Çinin təşəbbüsü olduğu “Bir kəmər bir yol” layihəsinin üzvü olmaqla bu prosesdə fəal iştirak edir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı olmaqla bu meqa layihələrnin reallaşdırılmasında aparıcı mövqeyə malikdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməklə dünya çapında etibarlı tərəfdaş kimi çıxış edir. Sürətli inkişaf edən respublikamız regional iqtisadi gücə çevrilməkdədir. Azərbaycan regionda bir sabitlik vadisinə çevrilmiş, vətənimiz idman və turizm ölkəsi kimi hər gün yeni uğurlar qazanır, dünya səviyyəli, sivilizasiyalar arası dialoqlar, humanitar tədbirlərin mərkəzinə çevrilir. Və nəhayət 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər çəkən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarix yazdı.Azərbaycan öz dövlətçilik tarixində ən Böyük Qələbəsini gerçəkləşdirdi. Torpaqlarımız işğaldan azad edildi. Ərazi bütövlüyümüz bərqərər oldu. Bu gün müasir Azərbaycan cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, “Əsl Ümumilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır” və nə qədər Azərbaycan olacaq Heydər Əliyev də Azərbaycanda var olacaqdır.

Ramiz Göyüşov

YAP Binəqədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə