YAP Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevə həsr olunan videokonfrans keçirilib

Videokonfransda Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdləri və səbailli məktəbliləri iştirakı edib

Səbail rayonu 50 nömrəli tam orta məktəb, Cocuq Mərcanlı kənd tam orta məktəbi və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim-şagird kollektivinin, Səbail rayonu ictimaiyyəti nümayəndələrinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxslərinin, məktəb direktorlarının, ziyalıların, partiya veteranlarının, fəal gənclərin, məktəblilərin iştirak edib.

Konfransda ilk öncə, Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib. Konfrans iştirakçılarını, müəllimləri, məktəbliləri səmimi qəlbdən salamlayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev xalqımız üçün ən taleyüklü məqamlarda xilaskarlıq missiyalarını yerinə yetirən və misilsiz xidmətləri, gördüyü əzəmətli işlərlə Azərbaycan tarixinə adını qızıl hərflərlə əbədi həkk edən dünyaşöhrətli siyasətçi, fenomenal şəxsiyyət Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və şərəfli həyat yolu haqqında ətraflı danışdı. Heydər Əliyevin gördüyü işlər və həyata keçirdiyi missiyaları yalnız bir ölkə, bir millət çəçivəsində qiymətləndirməyin düzgün olmayacağını qeyd edən Ş.Hacıyev bildirib ki, cahanşümul dövlət xadimi olan Ulu Öndər bütün bəşəriyyətə Tanrı tərəfindən bəxş olunmuş nadir şəxsiyyət idi, çünki Heydər Əliyevin amalı bütün dünya üçün sülh, əməkdaşlıq, inkişaf idi. Vurğulandı ki, Heydər Əliyev fenomenal intellekti, biliyi, şəxsi insani keyfiyyətləri, yüksək peşəkarlığı, cəsarəti və zəngin həyat təcrübəsi sayəsində dünyada gedən proseslərə nüfuz edə bilən dahi siyasətçi və ölkəmizə rəhbərlik etdiyi həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan üçün böyük xilaskarlıq missiyaları yerinə yetirmiş dövlət xadimi kimi tarixdə əbədi qalacaqdır.

Ş.Hacıyev diqqətə çatdırıb ki, Ulu Öndər haqqında çoxlu kitablar, əsərlər yazılıb, filmlər çəkilib, lakin Heydər Əliyev şəxsiyyətinin əzəməti hər yeni tarixi araşdırmada yenidən kəşf olunur: “Ulu Öndərin ruhu bu gün şaddır, çünki qurub-yaratdığı şah əsəri Azərbaycan sözün əsl mənasında dünyaya günəş kimi parlayır. Ümummilli Liderimizin layiqli davamçısı, dahi Heydər Əliyev məktəbinin yetirməsi möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycanın yeni və şərəfli tarixini yazdı. Azərbaycan qüdrətli, müstəqil, dövlət kimi, qardaş Türkiyə ilə birlikdə regional güc mərkəzi kimi bütün dünyaya səs salıb. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin yolu və möhtərəm Prezident İlham Əliyevin siyasəti gələcəkdə Azərbaycana daha böyük uğurlar və yeni nailiyyətlər qazandıracaq”.

Ulu Öndər Heydər Əliyev üçün zaman faktorunun olmadığını xüsusi qeyd edən Ş.Hacıyev bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimiz üçün misilsiz xidmətlərini əbədi yaşadacaq, əziz xatirəsini hər zaman böyük məhəbbət və ehtiramla yad edəcəkdir.

Videokonfransda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məktəblilərin iştirakı ilə bu məzmunlu konfransların təşkilinin Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin və nümunəvi həyat yolunun gənclər tərəfindən dərindən öyrənilməsi, eləcə də gənc nəslin təlim-tərbiyəsi, milli-mənəvi dəyərlərimizə sadiq vətəndaşlar kimi yetişdirilməsi üçün mühüm töhfə olduğunu qeyd edib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, şərəfli həyat yolu idarəçilik, siyasət, dövlətçilik məktəbi və mənalı yaşamaq nümunəsi olan Ulu Öndər Heydər Əliyevin eyni zamanda yüksək intellekt və dahilik mücəssəməsi olduğunu vurğulayan H.Əsgərov diqqətə çatdırdı ki, Ulu Öndərimizin zəngin irsinin dərindən öyrənilməsi və öyrədilməsi Azərbaycan gənclərinin, gələcək nəsillərin ən müqəddəs və şərəfli vəzifəsidir.

Konfransda çıxış edən Səbail rayonu 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və məktəbin ədəbiyyat müəllimi Aytən Xasaylı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyi üçün əbədiyaşar xidmətləri haqqında məktəblilərə ətraflı məlumat veriblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsindən fəxarətlə bəhs edən natiqlər “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində sıx əməkdaşlıq edən Səbail rayonu 50 nömrəli tam orta məktəbi və Cocuq Mərcanlı kənd tam orta məktəbi tərəfindən görülmüş işlər, YAP Səbail rayon təşkilatının dəstəyi ilə reallaşmış layihələr, o cümlədən Səbail rayonu ictimaiyyət nümayəndələrinin Böyük Qayıdışın rəmzi olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və kənddəki hərbi hissəyə 2017-ci ildən etibarən dəfələrlə təşkil olunmuş səfərlər, ağacəkmə və digər humanitar aksiyalar, Cocuq Mərcanlıdan olan 18 nəfər məktəblinin 2019-cu ildə Bakı şəhərinə unudulmaz ziyarəti, eləcə də gələcəkdə nəzərdə tutulan birgə fəaliyyət istiqamətləri haqqında danışıblar.

Sonda Səbail və Cocuq Mərcanlı məktəblərinin şagirdləri tərəfindən yüksək vətənpərvərlik, Ümummilli Liderə olan dərin məhəbbət və ehtiram ruhunda səsləndirilən ədəbi-bədii kompozisiya konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib, şagirdlərin yaradıcı ifaları alqışlanıb.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə