Blinken öz tvitində ermənilərə hansı eyhamı vurub? FAKT+AKTUAL

Birinci Qarabağ müharibəsində əsir düşmüş 4000 nəfər hərbi və mülki əsirlər barədə hələ də heç bir məlumat yoxdur və Azərbaycanın dəfələrlə (!) etdiyi müraciətləri də cavabsız qalıb

Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Entoni Blinken özünün tvitter səhifəsində paylaşdığı ifadəsində əsirlərin azadlığa buraxılması məsələsi ilə bağlı fikir bildirib. SİA həmin fikirləri araşdıraraq qənaətə gəlib ki, əslində, bir sıra Avropa təşkilatlarından fərqli olaraq Bayden administrasiyasının fikirləri diqqət çəkir. Blinkenin tivtində ən maraqlı ifadə isə “POWs” – yəni hərbi əsirlər deyil, “detaines”- saxlanılanlardır.

ABŞ-ın dövlət katibi burada faktiki olaraq düzgün termin seçib – saxlanılanlar. Belə ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatda əldə olunmuş razılığa əsasən, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Əslində, Blinkenin belə bir fikir bildirməsi alqışlana bilər, çünki Ermənistanın hələ də “hərbi əsir” iddiaları rəsmi şəkildə rədd olunur.

Azərbaycanda hərbi əsir yoxdur və bu, Ermənistana tərəf edilən çağırışdır

Baydenin heç bir hüquqi məna kəsb etməyən “erməni soyqırımı” məsələsini fikir olaraq bəyan etməsi ilə müqayisədə erməni tərəfinin vaxtından əvvəl sevinməsi kimi, Blinkenin bu fikirləri də onları əlbəttə ki, kifayət qədər pəjmürdə edib.

Daha bir mühüm məqama diqqət yetirək. Blinken hər iki tərəfi saxlanılanların və əsirlərin geri qaytarmaları üçün çağırış edib. Bəs buradan hansı nəticələri çıxarmaq olar? Bu ifadələrdə də kiçik diqqət ayırsaq görərik ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycanda hərbi əsir yoxdur və bu, Ermənistan tərəfinə edilən çağırışdır. Çünki birinci Qarabağ müharibəsində əsir düşmüş 4000 nəfər hərbi və mülki əsirlər barədə hələ də heç bir məlumat yoxdur və Azərbaycanın dəfələrlə (!) etdiyi müraciətləri də cavabsız qalıb. Məhz bu baxımdan, Entoni Blinkenin “bütün saxlanılanların və əsirlərin” geri qaytarılması fikrinin, əslində, Ermənistan qarşısında qoyduğu tələb olaraq da qiymətləndirmək olar. Necə deyərlər, istəyəndə doğru, ədalətli fikirlər də səsləndirməyi bacarırlar. Təki, belə də olsun...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə