Müxalifətin “eşşəyi” öldü! - Siyasi nekroloq

Beləliklə müxalifətin “eşşəyi “də (demokratların simvolu) belə öldü. Daha dəqiq desək, ermənilərin qazdığı quyuya düşərək özü-özünü öldürdü. Yəni baş demokrat qondarma “genosidi” tanıdı. Düzdür, sonra bizləri “avam” sayaraq, daha dəqiq desək, “erməni variantı” işlədərək bəyan etdi ki, mən dediyim türklər başqa türklərdir, lakin dərindən araşdıranda məlum oldu ki, bu qoca sorosçu demokrat bütün türklər üçün əsl tələ qurdu və ermənilərdən aldığı pulların əvəzini belə ödədi.

Amma bu quyudan çıxmağın nə dərəcədə mümkünsüz olduğunu deyəsən heç tullananda düz hesablamayıbdırmış. Amma “eşşəkləri” qoyaq bir qırağa və qayıdaq bizim milli “eşşəksevərlərə”...

Rəsul Qliyev demişkən, bədbəxt müxalifət! Cəmi bir həftə ərzində az qamışdı ki, infarkt keçirsinlər. Bayden “genosidi” tanıyanda yas qurmuşdular ki, vay, evimiz yıxıldı, ABŞ-dan qrant almaq olmayacaq. Blinken zəng edib “fırıldaq” gəlmək istəyəndən sonra isə “ölü dirildi”. Bah, bah, bah..! Bayram elədilər, amma nahaq. Düzdür, “eşşək” elə həmin eşşəkdir, amma “genosidi” tanımaqla beli qırıldı, və əvvəlki həcmdə pul “daşıya” biməyəcək.

Artıq müxalifət liderləri, müxtəlif növ hüquq müdafiəçiləri ABŞ səfirliyinin qapısında növbəyə durub qrant ala bilmyəcəklər. Onların səfirliyə danışdıqları yalanlara da artıq amerikalılar tərəfindən inam azalıb. Axı bunlar qrant almaq naminə danışmadıqları uydurmadıqları yalanları qalmayıb. Və bu yalanları danışmaqla guya ölkədəki vəziyyəti əla bilirlər kimi özlərini göstərmək istəyirlər. Amerikalılar da öyrəniblər ki, pul verib, əvəzində “əmtəə” alsınlar, nə bilsinlər ki, bu ölkənin müxalifəti “əmtəə” altına saxta “mal” yeridir.

Yeri gəlmişkən, yadınızdadırsa Vikiliks-in dünyanı lərzə gətirən məktublarında deyilmişdi - yerli QHT-lərdən biri ABŞ səfirliyinə çatdırıb ki, bəs Samir Şərifov Abid Şərifovun oğludur. Necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir, amma amerikalılar bizim “toyuqları” tanımadıqlari üçün belə məlumatları ciddi qəbul edirlər. Və yaxud, “Azadlıq” qazetinin nümayəndələrinin daimi olaraq

bizə pul verin, yoxsa indi bağlanırıq, sabah bağlanırıq deyə-deyə zarımaqlarını xatırladaq. Axırda bunlara pul verməkdən bezən bir amerikalı deyə ki, “əşi, bunlar elə bütün günü zarıyırlar bizi dövlət sıxır, gəlin bir dəfə bunlara yardım etməyək, görək nə olur. Bağlanarlar, yenə kömək edərik.... Nə isə bir gün keçdi, iki gün keçdi, bunlar bağlanmadı, əksinə, daha da “çiçəkləndi”, həmin şəxs də haqlı çıxdı...

İndi isə əsas məqamı diqqətə çatdıraq:

ABŞ-ı heç bir ölkədə, xüsusən də Azərbaycanda, insan haqlarının vəziyyəti qətiyyən narahat etmir. ABŞ hər bir ölkədə təxribatçı qüvvələri yalnız yerli hökumətə qarşı istifadə edəcək məlumatların toplanılması üçün istifadə edir.

Və məhz bu məqsədlə ölkəmizdəki təxribatçılara külli miqdarda qrantlar ayırır və heç o qrantların neçə xərcləndiyində maraqlı da deyil. Heç nə vaxtsa hansısa qrantın istifadəsinə görə səfirliyin səhifəsində hər hansı hesabat görmüsünüzmü? Əlbəttə ki, yox! Ona görə ki, o hesabatları görəndə bir fikir yaranacaq ki, vəsait tam şəkildə qrant alan tərəlindən mənimsənilib. Bir sözlə, bu qrant kampaniyası çuğulçulara və təsir agentlərinin şəbəkəsinin yaradılmasına ayrılır.

Məqsədlər isə aydındır - ABŞ səfirliyi bu əməkdaşlıqda aşağıdakıları güdür:

1. Təsir agentlərindən ABŞ siyasəti haqqında cəmiyyətdə müsbət fikir yaratmaq üçün istifadə etmək və Blinkenin son yayındırıcı zəngindən sonra məhz təsir agentləri işə salındı və başladılar ABŞ-ı tərifləməyə, hətta Baydenin “genosid” ifadəsinin az qala bizim üçün faydalı olacağına dair fikirlər belə səsləndirirdilər (?!)

Digəri isə fəxr hissi ilə deyirdi ki, Blinken şəxsən Prezidentə zəng edib. Kimdir axı Blinken?! Yetər ki, məhz Blinkenin 2016-cı ildə Türkiyədəki Gülənçilərin çevriliş cəhdinin ideoloqlarından və təşkilatçılarından biri olduğunu xatırladaq. Necə olur ki, Blinken Ermənistanın, Gürcüstanın, Ukraynanın xarici işlər nazirlərinə zəng edir, amma Azərbaycanın isə Prezidentinə zəng edir?! Əslində, bu bizim dövlət başçısının böyüklüyüdür ki, onun zənginə cavab verib və ola bilsin Blinkenə yerini də göstərib...

Düzdür, bəlkə də Ağ Ev sadəcə qorxub ki, sözləri və adları səhv salan Bayden zəng eləsə yenə çaşa bilər. Amma həqiqətdə Blinkenin zəngi ermənipərəst Samanta Pouerin USAİD-in rəhbəri vəzifəsində Konqres tərəfindən təsdiqi gün baş tutub. Və bu radikal “genosid” tərəfdarının həmin vəzifəyə təyinatı artıq Azərbaycanda USAİD-in ofisinin bağlanması zəruriliyini gündəmə gətirib. Şübhəsiz ki, həmin zəngin məqsədi USAİD-i heç olmasa burda qoruyub saxlamaq idi. Belə ki, digər MDB ölkələrinin əksəriyyəti bu təbliğat və kəşfiyyat zəncirinin əsas halqasını artıq ölkələrindən qovublar. Amma Azərbaycanın ABŞ iki əsas düşməni hesab etdiyi İran və Rusiya arasında yerləşməyi USAİD-in burda qalıb “fəaliyyət” göstərməyini zəruri edir. Və əgər fikir versəniz, heç Blinkenin zəngi haqqında məlumat hələ rəsmi olaraq yayılmadan, bütün “ABŞ sevərlər” artıq bu zəngin nə dərəcədə ABŞ “genosid” günahlarının yumağı haqqında bəyanatlar verməyə başladılar. Şübhəsiz ki, alınan pulları doğrultmaq lazımdır axı. Amma eyni zamanda, bu fakt onu göstərir ki, “təsir agentlərinə” təlimatlar hətta Blinkenin zəngindən əvvəl ötürülmüşdü, sadəcə ABŞ-ı tərifləməkdə birinci olmaq istəyi onları “yandırdı”.

2. Digər əsas məqsəd mütəmadi olaraq yerli hökumətlərə təzyiq göstərmək üçün hər hansı məlumatlar, əsaslar əldə etmək. ABŞ sonra o məlumatları əlində bayraq edir və özünün hər hansı bir marağını təmin etmək üçün yerli hökumətlərə təzyiq edir. Və bunun üçün hətta ilk öncədən gözə çarpmayan vizual təsir elementlərindən istifadə edirlər. Məsələn, yəqin fikir vermisinz ki ABŞ səfirliyini demək olar ki, bütün maşınları yalnız ən iri görkəmli ABŞ istehsalı olan maşınlardır. Niyə? ABŞ hökumətinin daxili təlimatlarına görə hesab edilir ki, iri maşınlarla hər hansı bir yerli idarənin rəhbərinin qəbuluna gedəndə, bu artıq ABŞ-ın nə qədər güclü olduğuna dəlalət edir və əks tərəfdə artıq öncədən qorxu hissi yaradır. Necə deyərlər, hərə öz arqument çatışmazlığını bir cür kompensasiya edir - bunlar böyük maşınlarla. Əlbəttə ki, uşaq yanaşmasıdır, amma amerikalılar ümumiyyətlə şou sevirlər, və bu da məlum faktdır.

Yerli satqınlar isə bu “əməkdaşlıqda” öz məqsədlərini güdür

1. Şübhəsiz, ən başlıca məqsəd, pul, pul, və yenə də pul, özü də dollarla! Pulun xətrinə bu saxta patriotlar yaşadıqları ölkə haqqında (vətən deməyə insanın dili gəlmir, belə ki insan vətənini satmaz) ağlasığmaz cəfəngiyatları danışırlar ki, təki amerikalıların xoşuna gələn məlumat olsun və onlardan daha çox pul qopartsınlar.

2. İkinci məqsəd isə belələrinin əsassız istəklərini yerinə yetirməkdən imtina edən hansısa qurum və yaxud şəxsin reputasiyasına zərbə endirmək, və bununla da acıqlarını çıxmaq.

3. Və nəhayət özlərini “ədalətsizliyin” qurbanı göstərərək, sığınacaq üçün müraciət edib ölkədən qaçmaq.

Bir sözlə, “yalançı patriotlarla” da ABŞ səfirliyi arasında olan saxta “münasibətlər” hər iki tərəfin razılığı ilə baş tutur. O elə bilir buna “atır” buda elə bilir ki, ona atır. Amma artıq səfirlik də çalışır ki, xərclərini optimallaşdırsın və belə “patriotları” filtrdən keçirərək, azdan çoxdan faydalı olanlarıəməkdaşlığa cəlb etsin.

Məsələn: əgər əvvəllər səfirlik müstəqillik günü ziyafətinə 4500 insan dəvət edirdisə, artıq son illər bu rəqəm 1500 nəfərə endirilib. Baydenin “genosid” hoqqasından sonra isə, səfirlik ümumiyyətlə çalışacaq ki, yalnız “ən etibarlı” olanları əməkdaşlığa cəlb eləsin ki, ayrılan vəsaitlər tam hədəfə çatsın. Üstəlik USAİD-in ölkədən artıq reallaşmaq üzrə olan çıxarılacağı halda isə bu imkanlar lap daralacaq. Odur ki, biz yaxın zamanlarda ABŞ-dan yemlənən xəyanətkarlar arasında əsl müharibənin şahidi olacağıq. Lakin bu prosesin ən təhlükəli nəticəsi, qrant uğrunda müharibədə uduzanların qəfil dövlət tərəfə keçmək istəmələri ola bilər. Bax bu əsl problemə çevrilə bilər. Bunun üçün cəmiyyət, “ Bir dəfə xəyanət edən, yenə xəyanət edəcəkdir...!” məşhur kəlamı unutmamalı, belə şəxsləri yaxşı tanıyıb vaxtında ifşa etməlidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə