"Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir" Səbinə Xasayeva

“Prezident İlham Əliyevin Hacıqabula səfəri regionda sosial həyatın yeniləşməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçiriləcəyinə zəmanət verir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

S.Xasayeva bildirib ki, Hacıqabul rayonunun nümunəsində biz regionların sosial-iqtisadi inkişafının, müasir infrastrukturun formalaşdırılmasının şahidi oluruq. Bu, bir daha onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində bölgələr yeni inkişaf səviyyəsinə yüksəlib. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində regionların, ümumiyyətlə, cəmiyyət həyatının yeniləşməsi və müasirləşməsi günümüzün reallığıdır.

Deputat diqqətə çatdırıb ki, Vətən müharibəsi başa çatsa da, onun fəsadlarının aradan qaldırılması davam etdir. Burada əsas vəzifə ermənilərin basdırdığı minaların təmizlənməsidir. Minalarla bağlı təhlükə bölgənin inkişafını və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarını ləngidir.

Müsahibəsində dövlətçilik tariximizlə, dövlətçiliyimizlə bağlı olduqca diqqətçəkən bir məqama da toxundu. Dövlətimizin başçısının Zəngəzurla bağlı fikirləri “Mən azərbaycanlıyam!” deyənlərin hamısını qəlbini qürur hissi ilə doldurur. Bu, yüz ilin ilhaqının etirafına işıq salan məqamdır, tarixin səhvini düzəltməyə yönəldilən haqq, ədalət işığıdır. Azərbaycan Prezidenti xalqın ürəyindən xəbər verərək dedi ki, Zəngəzur dəhlizinin yaradılması şərtdir. Bu, bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir və Azərbaycan xalqı 101 il bundan əvvəl ondan qoparılmış Zəngəzura qayıdacaq.

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının təşəbbüsü ilə aqrar sektorda son illərdə olduqca mühüm proqramlar həyata keçirilib. Müharibə şəraitində belə proqramların həyata keçirilməsi dövlətin iqtisadi inkişafının səviyyəsi ilə bağlıdır. Son illərdə yaradılan “Aqro Dairy” və “Azərsun” aqroparklarının əhəmiyyəti böyükdür. Ölkə üzrə aqroparkların yaradılması kənd yerlərində yaşayan insanların məşğulluğunun təmin edilməsi deməkdir. Hazırda bu sahədə çalışanların sayı yeddi mini ötüb. Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələr isə ölkədəki inkişaf proseslərinə də töhfəsini verəcək.

S.Xasayeva bildirib ki, Azərbaycan dünyəvi dövlət olaraq bütün sahələrdə dinamik inkişafdadır. Yolların abadlaşdırılması, infrastrukturun qurulması üçün ərazilərin minalardan təmizlənməsi əsas şərtdir. İnsanlar doğma yurdlarına qayıtmaq üçün can atırlar. Ermənistan isə minalanmış ərazilərin xəritələrini verməməklə bu işi ləngidir. Təbii ki, bu ölkə yenə də cinayətkar əməllərindən əl çəkmir və buna görə cəzalanmalıdır. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə