44 günlük şanlı Zəfər - Zəngəzur dəhlizinə gedən tarixi layihəni reallaşdıran amil

Azərbaycan Prezidenti Ermənistana çıxış yolunu göstərdi: “Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyəyə deyil, ümumilikdə region ölkələrinin hər birinin maraqlarını təmin edəcək layihədir”

Prezident İlham Əliyev 10 noyabr bəyanatında “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi» olaraq qeyd olunan və Naxçıvan dəhlizi dediyimiz dəhlizi Zəngəzur dəhlizi adlandırdı. Bu, bir tərəfdən Zəngəzurun tarixi torpaqlarımız olduğunun mesajıdır, digər tərəfdən gələcək hədəflərimizi müəyyən edir. Hələ 2019-cu ildə Türk Konseyinin Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev “Zəngəzur türk coğrafiyasının bölünməsinin əsas nöqtəsidir» deyə bəyan etmişdi. Bu, türk dünyasını Ermənistanın işğalçılıq siyasətinə qarşı birləşdirmək addımı idi. Həmin il “Qarabağ Azərbaycandır və Nida” bəyanatı, Qaregin Njde üzərindən edilən manevrlər və Türk Konseyindəki mesaj hesab etməyə imkan verirdi ki, 1920-ci ildə - Azərbaycanın qədim diyarı olan Zəngəzurun Ermənistana verilməsinin 100 illiyində ciddi dəyişikliklər ola bilər. Belə də oldu. 2020-ci ildə Azərbaycan 44 gün davam edən Vətən müharibəsi ilə işğal altındakı ərazilərini azad etdi, həm də Naxçıvanı Azərbaycana birləşdirilən dəhlizin inşası üzərində razılıq əldə olundu.

Üçtərəfli bəyannamənin 9-cu maddəsində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Və tarixi Azərbaycan torpağı Zəngəzurdan keçdiyinə görə Zəngəzur dəhlizi adlandırılan bu strateji yol bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi eyni zamanda Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi deməkdir. Həmçinin, bu dəhlizin enerji və ticarət yollarını kökündən dəyişməklə Azərbaycana çoxlu sayda divident qazandıracaq.

“Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz”

“Ermənistanda çoxlu ideoloji doqmalar var və Türkofobiya artıq milli siyasət olub, onlar hətta reallıq hissini də itiriblər. Bildiyim qədərilə Türkiyə hökuməti çox konstruktiv yolla addımlar atmağı planlaşdırır, ancaq, əlbəttə, onlar adekvat cavab verməlidirlər. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər, Konstitusiyanı yenidən yazmalıdırlar, yeni Konstitusiya qəbul etməlidirlər. Mən onlara Türkiyəyə olan ərazi iddialarını Konstitusiyadan çıxarmaq üçün yaxşı məsləhət verə bilərəm. İnanmıram ki, hansısa ölkənin Konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiaları var. Düşünürəm ki, bu, çox qeyri-adi haldır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı ermənilərin qondarma “soyqırım”la əlaqəli saxta tarixlərinin gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirib: “Bu müharibə idi, insanların bir-biri ilə, ölkələr bir-biri ilə vuruşduğu bir vəziyyət idi, ancaq sonra barışıq oldu. O dövrdə Ermənistanın təkcə Osmanlı İmperiyası ilə deyil, digər qonşularla da çətinlikləri var idi. Türkiyə hökuməti bir neçə dəfə bu məsələyə obyektiv, qərəzsiz baxmaq üçün birgə tarixçi qrupların yaradılmasını açıq şəkildə təklif etdi. Lakin ermənilər etiraz etdi, çünki onların siyasi divident əldə etmək üçün bu saxta tarixə ehtiyacları var. Bildiyiniz kimi, bu gün biz əlaqələrin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını müzakirə edirik. Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Türkiyə üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun iştirakçısı deyil. Ancaq müzakirə etdiklərimiz məsələlərə dair Türkiyəyə tərəfimizdən məlumat verilir. Ermənistan əlaqələrlə bağlı çətinliklərə son qoymaq, tranzit ölkəyə çevrilmək istəyirsə, bunu yalnız Türkiyə təmin edə bilər. Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyim qədərilə Türkiyə hökuməti buna hazırdır. Top yenidən Ermənistan tərəfindədir».

Prezident İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər...

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, gənc nəsil bu gün Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin: “Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri. Başqa misallar da var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar».

Azərbaycan Prezidenti onu da qeyd edib ki, bu, faktdır. Lakin bu, o demək deyil ki, bizim ərazi iddialarımız var: «Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Dövlət başçısı qeyd edib ki, bu, faktdır: "Lakin bu, o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Prezident İlham Əliyev Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının, ümumiyyətlə, Ermənistanın regionda normal dövlət kimi mövcud olmasının şərtini açıqlayaraq bildirib ki, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə düşməsidir.

Qeyd edək ki, bu məsələ 10 noyabr bəyanatında, o cümlədən, 11 yanvar Moskva bəyanatında əksini tapır. Kommunikasiyanın bərpasında Azərbaycan və Türkiyənin əsas istəyi Zəngəzur dəhlizinin açılmasıdır. Üçtərəfli razılaşmalara imza atan Ermənistan tərəfinin bu məsələyə maneələr törətmək istəkləri müşahidə olunur. Hərçənd, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Türkiyə ilə sərhədin açılmasının, bölgənin iqtisadi dividendlərindən yararlanmağın yeganə yolu budur.

Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir və Zəngəzur layihənin reallaşması bölgənin təhlükəsizliyinə, iqtisadi inkişafına və rifahına səbəb olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə