“Prezidentin AMEA-da çıxışı elmin, dilin və milli kimliyin strateji yol xəritəsidir” - ŞƏRH EDİLDİ
“Müasir dünyada hər bir dövlətin və xalqın inkişafı böyük dərəcədə elmin səviyyəsi ilə ölçülür. Azərbaycan elminin məbədi sayılan Milli Elmlər Akademiyası artıq 80 illik yubileyini qeyd edir. Ötən 80 ildə böyük yol keçilib, alimlərimiz öz axtarışları və kəşfləri ilə ölkəmizin inkişafına müəyyən töhfələrini veriblər. Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında keçilən şərəfli yolu xatırlatmaqla elmimizin uğurlarından bəhs etmələ yanaşı, yeni çağırışlar şəraitində qarşıda duran vəzifələrə diqqət çəkib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, son iyrimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlər əsasında elm sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib: "Ölkəmizdə elmin inkişafını hədəfləyən çoxsaylı sənədlər imzalanıb və maddi-texniki baza davamlı olaraq möhkəmləndirlilib. Böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın inşası, həmçinin elmi-tədqiqat institutlarının yüksək səviyyədə təmiri və avadanlıqlarla təchiz edilməsi bu qəbildən olan tədbirlər sırasındadır. 2009-cu ildə Elm Fondu yaradılıb, elmin inkişafı üzrə Milli Strategiya, müvafiq Dövlət Proqramı, “Elm haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bütövlükdə, elmin inkişafını hədəfləyən tədbirlərin siyahısı çox genişdir. Prezident İlham Əliyevin AMEA-da çıxışı təkcə bir yubiley nitqi deyildi. Bu çıxış, əslində, müasir Azərbaycanın intellektual inkişaf konsepsiyasının, milli kimlik siyasətinin və gələcəyə yönəlmiş elmi strategiyasının manifesti kimi qiymətləndirilə bilər.
Cənab Prezidentin çıxışında elmin müstəqilliklə, iqtisadi inkişafla və təhlükəsizliklə sıx bağlı olduğu xüsusi vurğulanır. O qeyd edir ki, təbii resurslar tükənən sərvətlərdir, lakin “tükənməz sərvət intellektual potensialdır”. Bu fikir, əslində, Azərbaycanın “post-neft dövrü”nə keçid strategiyasının ideoloji əsasını təşkil edir. Azərbaycan elmi artıq təkcə akademik bilik mərkəzi deyil, milli təhlükəsizliyin, texnoloji innovasiyanın və iqtisadi müstəqilliyin dayağı kimi təqdim olunur. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik kimi istiqamətlərin prioritet elan edilməsi isə dövlətin elmi siyasətində yeni mərhələnin başlanğıcını göstərir. Prezident İlham Əliyevin çıxışında elmin sənaye və iqtisadiyyatla birləşdirilməsi çağırışı, “elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır”, həm postsovet elmi sisteminin transformasiyası, həm də praktiki elmin təşviqi baxımından əhəmiyyətlidir. Bu, klassik “nəzəri elm”dən “tətbiqi və texnoloji elmi” mərhələsinə keçidin siyasi mesajıdır. Yəni, Prezidenti İlham Əliyev elmin iqtisadi inkişafda mühüm roluna diqqət çəkərək müasir çağırışlar fonunda Akademiyanın və elm ictimaiyyətinin qarşısında duran vəzifələri, alimlərin milli prioritetlərə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Dövlət başçısının elan etdiyi mühüm hədəf prioritetləri Azərbaycan elminin strateji yol xəritəsi hesab edilə bilər.
AMEA-nın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan millət vəkilinin sözlərinə görə, dövlət başçımız Ulu Öndər Heydər Əliyevin irsini həm siyasi sabitliyin, həm də milli ideologiyamlzın təməli olduğunu vurğuladı. Xüsusilə, 1993-cü ildə Ümummilli Liderin Elmlər Akademiyasında ziyalılarla ilk görüşü mühüm bir hadisə - əslində isə dövlətin elmlə dialoqunun başlanğıcı idi. Eyni zamanda, Prezident İlham Əliyev tarix məsələsini yalnız keçmişin öyrənilməsi kimi deyil, müasir informasiya müharibəsinin bir cəbhəsi kimi təqdim edir. Ermənistan tərəfindən tariximizin təhrifinə qarşı elmi əsərlərin, xəritələrin, sərgilərin hazırlanması çağırışı milli ideoloji təhlükəsizlik baxımından mühüm mesajdır. Prezidentin “Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir” ifadəsi tarixə təkcə siyasi deyil, elmi yanaşma tələbini əks etdirir. Tarixi tədqiqatın faktlara, mənbələrə əsaslanması burada dövlət səviyyəsində vurğulanır. Bu yanaşma Azərbaycan tarixşünaslığının modern elmi metodologiyalarla yenilənməsi üçün istiqamət göstərir. Azərbaycanın elm ictimaiyyəti cənab Prezidentin bu istiqamətdə tövsiyələrini gələcək fəaliyyətində prioritet kimi qəbul etməlidir.
Dövlət başçısının çıxışında Azərbaycan dili ilə bağlı fikirləri də çox dəyərli və olduqca önəmlidir. Prezidentimizin “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik — müstəqil Azərbaycan dövləti” sözləri dilin dövlətçiliklə eyniləşdirilməsini göstərir. Bu, sırf dilçilik məsələsi deyil, milli identiklik, informasiya müstəqilliyi və mədəni təhlükəsizlik məsələsidir. Qloballaşma dövründə dillərin assimilyasiyası, mediada yad sözlərin çoxalması fonunda Prezidentin “xarici kəlmələrə ehtiyac yoxdur” fikri dilin suverenlik elementi kimi təqdim olunur. Eyni zamanda, Azərbaycan dilinin qorunması yalnız dövlətin yox, hər bir vətəndaşın məsuliyyəti kimi qiymətləndirilir. Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi sadəcə elmi bir hadisə deyil, bu, müasir Azərbaycan ideyasının konseptual təzələnməsi mərhələsidir. Prezident İlham Əliyevin nitqi göstərdi ki, XXI əsrin Azərbaycanı özünü elmə söykənən milli dövlət, tarixi yaddaşla bərpa olunan suveren güc və dilini qoruyan mədəni millət kimi qurur. Bu model təkcə daxili siyasətin deyil, həm də beynəlxalq imicin təməl prinsipidir: ağıllı, tarixini bilən, dilinə sahib bir dövlət – dayanıqlı və qüdrətli dövlətdir. Bu dövlətin sahibi olan xalq isə yenilməz xalqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB