Erməni nazirləri Qarabağda: Bakının isə səbri tükənməmiş deyil! ANALİTİK

Erməni nazirləri Qarabağda: Bakının isə səbri tükənməmiş deyil! ANALİTİK

Bu qanunsuzluqlara sərt, qətiyyətli və yerindəcə cavabların verilməsi zamanı çatıb və təxribatçıların layiqli dərs almaları üçün zəng hər an vurula bilər

Ermənistanın ədliyyə naziri Rustam Badasyan Azərbaycanın Xankəndi şəhərinə gəlib. SİA xəbər verir ki, bu barədə news.am yazır. Adıçəkilən erməni informasiya agentliyinə yaxın mənbənin sözlərinə görə, o, separatçı və quldur rejimin rəhbəri Araik Arutyunyanla görüşüb.

Bu arada onu da xatırladaq ki, erməni teleqram sosial şəbəkələri Ermənistan KİV-lərinə istinad edərək yazırlar ki, Arutyunyan Rusiya sülhməramlılarının nəzarəti altında olan Qırmızı Bazar ərazisində 150 ev tikmək qərarını verib və bu məqsədlə orada olub.

Əgər bu gün Ermənistanda revanşist qüvvələr varsa, hakimiyyət də bənzər vəziyyətlərdə təxribatçı əməllərini törətməkdə israrlı olduğunu sərgiləyir

Bütün bunlardan əvvəl, yəni bir neçə gün öncə qarabağlı ermənilərin quldurbaşısı Ermənistanda səfərdə olub və qondarma “dqr”in “təhlükəsizlik şurası” ilə Ermənistanın təhlükəsizlik şurasının keçirdikləri birgə iclasda iştirak edib. Məhz bütün bunlardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla nəqliyyat dəhlizlərinin açılışı, yaxud digər iqtisadi layihələrin icrasına başlanılması barədə verdikləri bəyanatlarını kölgədə qoyulduğunu ehtimal etmək mümkündür. Daha dəqiq desək, bölgədə mövcud olan atəşkəs rejiminin pozulmasına sövq edən bu kimi davranışlar isbat edir ki, əgər bu gün Ermənistanda revanşist qüvvələr varsa, hakimiyyət də bənzər vəziyyətlərdə təxribatçı əməllərini törətməkdə israrlı olduğunu sərgiləyir. Elə Ermənistanın müxtəlif nazirlik strukturlarının rəhbərlərinin Qarabağa səfər etmələri, üstəlik hansısa tikinti-quruculuq layihələrinə başlayacaqlarını bəyan etmələri də bu faktı bütün çılpaqlığı ilə nümayiş etdirir.

Rus sülhməramlıları üzərlərinə düşən vəzifələrinə biganə yanaşarlarsa, yaxud öz etimadlarını doğrultmamış kimi görünməkdə davam edərlərsə...

Söz yox ki, mövcud faktlar bölgədə sülhməramlılıq prinsiplərini öhdəlik olaraq beş il müddətində üzərinə götürən Rusiyanın da xeyrinə olmayan məsələ kimi izah oluna bilər. Daha doğrusu, əgər Rusiya bölgədə hərbi, iqtisadi təxribatların qarşısını almağa borcludursa, yəni buna boyun olubsa, demək ki, erməni tərəfinin əməllərinə göz yummamalıdır. Əks halda, rus sülhməramlıları üzərlərinə düşən vəzifələrinə biganə yanaşarlarsa, yaxud öz etimadlarını doğrultmamış kimi görünməkdə davam edərlərsə, bu, həm də Rusiyanın etibarsız tərəfdaş olması ehtimallarını artıra bilər.

Bakının isə səbri tükənməmiş deyil və öz prinsiplərinə sadiq qalmaqla hələ ki, səbr edir. Ancaq bu səbr əvvəlki 30 illik səbr məsələsi deyil, qısadır. Müəyyən dairələr bunu anlamalı və nəticə çıxarmalıdırlar. Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif çıxış və tezislərində sözügedən məsələlərə toxunaraq öz qətiyyətli mövqeyini ortaya qoyub və həm Ermənistanın rəhbərliyinə, həm də Rusiya sülhməramlılarına mesajlarını yollayıb.

Onlar öz öhdəliklərində ciddi nöqsanlara yol verirlər

Belə ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç bir erməni rəsmi dövlət məmuru Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edə bilməz. Bu məsələdə isə rusiyalı sülhməramlıların Ermənistan nazirini Xankəndinə buraxmaları təsdiq edir ki, onlar öz öhdəliklərində ciddi nöqsanlara yol verirlər və üçtərəfli Bəyanatın şərtlərini pozurlar. O da qala ki, erməni nazirləri Xankəndidə, Qırmızı Bazarda və s. ərazilərdə mənzil və s. kimi qanunsuz inşaat prosesləri barədə bəyanatlar yaymağa başlayıblar...

Hər halda, bu qanunsuzluqlara sərt, qətiyyətli və yerindəcə cavabların verilməsi zamanı çatıb və təxribatçıların layiqli dərs almaları üçün zəng hər an vurula bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə