İkinci Qarabağ müharibəsinin bitməsindən və Ermənistanın çıxılmaz vəziyyətə düşməsindən dörd ay yarım sonra hakimiyyət və müxalifət, nəhayət, böhrandan çıxmağın mümkün yolları barədə razılığa gəldilər. Belə ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanın düçar olduğu böhrandan çıxması üçün ölkə daxilindəki mütəxəssislər ən sabit və təhlükəsiz ssenari kimi iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərininin olduğunu hesab edirlər. Martın 18-də Baş nazir Nikol Paşinyan və "Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri Gagik Tsarukyan arasındakı görüşdən sonra hökumət başçısı çoxdan gözlənilən xəbəri açıqladı: ölkədə iyunun 20-də erkən parlament seçkiləri keçiriləcək. Erməni ekspertlər hesab edirlər ki, bu ölkəni çıxılmaz vəziyyətdən çıxarmağın yeganə qanuni yoludur. O zaman sual olunur ki, bu müddət ərzində bütün siyasi dairələr yekdilliklə bu fikirdən çıxış edirdilər, ya...? Bəzi dairələr düşünür ki, iqtidar və müxalifət qrupları ortaq fikir konsensusuna gəldikdən sonra Respublika daxilindəki mübarizə yenidən qanuni sahəyə qayıda bilər. Digər düşərgələrin nümayəndələri hesab edir ki, seçkilərdə yenidən hakimiyyətə gələcək qüvvə baş nazir Nikol Paşinyandır və bu elə də əsaslı dəyişiklik ilə nəticələnməyəcək.
Əvvəlcə bütün müxalifət qüvvələri Nikol Paşinyanın rəhbərlik etdiyi Kabinetin dərhal istefasını tələb etmələrinə baxmayaraq, hələ də ölkənin ən populyar partiyası olaraq qalmaqda olan mövcud hakimiyyət orqanları ilk günlərdən portfellərini təhvil verməyə tələsmirdilər. Eyni zamanda, Paşinyan özü bir neçə ay əvvəl erkən seçkilərə hazır olduğunu bildirmişdi, lakin bunun üçün alternativ bir baş nazir namizədinin irəli sürülməməsi üçün parlament müxalifətinin əsas razılığına ehtiyac duydu. Əslində, bu, Respublika rəhbərliyinin müvəqqəti fəaliyyət göstərmə statusunda ölkə üzərində nəzarəti qorumaqla fövqəladə bir səsverməyə razılaşması demək idi. Bununla yanaşı, Baş nazirin müxalifləri nə qədər çalışsalar da, kütləni geniş miqyaslı bir etiraz aksiyasına səfərbər edə bilmədilər. Mitinqlərə gedən 8-15 min nəfər açıq şəkildə səlahiyyətliləri tərk etməyə məcbur etmək üçün yetərli deyildi. Nəticədə, kompromisə, həqiqətən, Nikol Paşinyanın şərtləri ilə gəlindi.
Artıq seçkilərin tarixi müəyyənləşib, indi isə Ermənistan bir sıra rəsmi prosedurlardan keçməli olacaq. Nikol Paşinyan istefa etməlidir, bundan sonra parlament ardıcıl iki dəfə yeni baş nazir seçməyəcək. Bu qaçılmaz erkən seçkilər demək olacaq. İndiki Nazirlər Kabineti rəhbərinin özü, görünür, icraçı statusunda qalacaq. Lakin bütün bu mərhələlərdən əvvəl, parlament hələ 10 noyabr 2020-ci il tarixində Qarabağdakı münaqişənin bitməsinə baxmayaraq hələ də qüvvədə olan hərbi vəziyyəti ləğv etməlidir. Bunsuz hökuməti istefaya göndərmək olmaz. Qanuna görə, baş nazir seçkidən 45-60 gün əvvəl istefa etməlidir. Gözlənilir ki, Nikol Paşinyan bu addımı aprel ayı ərzində atsın.
Bu arada, Vətəni Qurtarma Hərəkatından vahid baş nazir namizədi olan Vazgen Manukyan bildirib ki, Nikol Paşinyan hökumətin başında qalarsa parlament seçkilərinə qatılmayacaq. Onun sözlərinə görə, mövcud hakimiyyət orqanlarının dürüst bir seçki keçirə biləcəyinə dair böyük şübhələr var. Mütəxəssislərin fikrincə, Hərəkatın bəzi təmsilçilərinin belə bir imtina etməsinə səbəb isə seçkilərin dürüst keçirilib-keçirilmə narahatçılığı deyil, sadəcə seçkidə uduza bilmə qorxuları olub. Ümumiyyətlə isə onların reytinqləri yoxdur.
Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, Ermənistanın daxili məsələsidir və biz ölkə olaraq digər ölkənin daxili işinə qarışmırıq. Burada bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib və 10 noyabr 2020-ci il tarixində Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atıb. Bundan sonrakı məqamlarda seçkilərin nəticəsindən və yaxud da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Ermənistan bu aktdan kənar davrana bilməz. Birinicisi, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusu yerlə bir edildi və demək olar ki, ordu yox vəziyyətdədir. Bunun əksinə olaraq Azərbaycan ordusu daha yüksələn templə mobilləşdirilir, bu ilin büdcəsinin çox hissəsi yenə də ordu quruculuğuna ayrıldı. Bu il Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə xərclərinin 15,3%-ni və ya 3 milyard 954 milyon manat (2 milyard 326 milyon ABŞ dolları) təşkil edəcək. Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilir, orduda islahatlar aparılır. Azərbaycan ordusu türk modelinə keçir, bu istiqamətdə təlimlər də həyata keçirilir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi müharibənin bitməsinə baxmayaraq biz ordu qurucluğunu eynilə davam etdiririk, daha da müasir silahlarla təchizatlanırıq, düşmənin nə vaxt baş qaldıracağı məlum deyil, o səbəbdən də "dəmir yumruğ"u daha da bərkidirik. İkincisi ortada Rusiya faktoru var, bu məsələdə heç bir siyasi qüvvə Rusiyaya qarşı gedə bilməz, hətta ən qatı revanşist dairələr belə…
Bununla belə, 44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanda köklü sosial, iqtisadi böhrana səbəb oldu, insanlarda gərgin mənəvi-psixoloji durum yarandı ki, bütün bunlar da nəticə etibarilə ölkədə daxili qarşıdurmanın pik həddə çatmasına səbəb oldu. Təkcə hərbi cəhətdən deyil, eyni zamanda erməni ideologiyasına zərbə vuruldu. Bu baxımdan da onların vahid ideyadan çıxış etməsi mümkün deyil. Mövcud qarışıqlıq və fikir ayrılığı Ermənistanın təkcə siyasi, iqtisadi cəhətdən deyil, eyni zamanda mənəvi və psixoloji cəhətdən də özünə gəlməsi üçün illər tələb edəcək…
İllərlə Ermənistan güclü ordusu olduğunu iddia etməsinə baxmayaraq, reallıqda belə bir ordu mövcud deyil. 26 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində real addımlar atıb, müasir texnologiyalar tətbiq edilib, müharibənin nəticəsi göstərdi ki, Ermənistanda isə vəziyyət deyildiyi kimi deyil. Cənab Prezidentin də qeyd etdiyi kimi ermənilərin şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərirdilər, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər. Guya məğlubedilməz ordu var. Bununla yanaşı, onlar təkcə dövlət büdcəsini talamayıblar, eyni zamanda iddia edirdilər ki, xeyriyyəçilər Şuşada iş gördülər, maddi vəsait xərclədilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Deməli, Ermənistanda dövlətçiliyin dağıdılması prosesi uzun illər ərzində gedib. Bu gün isə təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə də böyük zərbə vurulub.
Bütövlükdə isə Ermənistanın daxilində gedən proseslərin miqyası nəticənin necə olmasından asılı olmayaraq regionda baş verən hadisələrə təsir etmək mexanizminə, gücünə malik deyil. Obyektiv reallıq budur ki, indi mövcud iqtidara qarşı heç bir real müxalifət yoxdur. Bu müxalifətə rəhbərlik edən insanlar yüzlərlə dəfə xalqın gözündə özlərini nüfuzdan salmış fiqurlardılar. Bu, Ermənistanın faciəsidir. Bir tərəfdən müharibədə məğlub olan bir baş nazir var. Digər tərəfdən, hətta onun fonunda olsa da, Paşinyanla rəqabət edə biləcək bir siyasətçi yoxdur. Ölkədə keçirilən rəy sorğularını nəzərə alsaq hazırkı baş nazirin öz kreslosunu qorumaq üçün hər şansı var.
Politoloq
Şəbnəm HƏSƏNOVA
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB