Ermənilər yalnız siyasi-iqtisadi, sosial böhran yaşayırlar? ANALITIK
Monoetnik ölkədə daxili irqçilik, demoqrafik partlayış təhlükəsi
Ermənistanda siyasi-iqtisadi, sosial və s. problemlər davam edərkən, bu monoetnik ölkədə hətta ermənilərin özləri arasında regionçuluq, yerlibazlıq problemləri durmadan artmaqdadır. Vəziyyətin sosial partlayış həddinə çatması isə mürəkkəb situasiyanı daha da dərinləşdirir, vətəndaş qarşıdurmasına qədər inkişaf etdirir.
İrəvanda qarabağlı ermənilər taksilərdən atılır, təhqir edilirlər
Misal üçün, ötən gün məlum olub ki, paytaxt İrəvanda taksi sürücülüyü ilə məşğul olan şəxs maşınına oturaraq qarabağlı erməni ləhcəsi ilə danışan qadınları yerə düşürərək və təhqir edərək qovub. SİA xəbər verir ki, bu haqda yerevan today xəbər agentliyi yazıb. Bildirilir ki, İrəvan küçələrində ayrı-ayrı insanlar qarabağlı ermənilərə qarşı klassik irqçilik yanaşmaları edirlər. Bunu erməni agentliyinə qondarma rejimin keçmiş “insan haqları müdafiəçisi” Ruben Melikyan deyib.
Xatırlatmaq yerinə düşərdi ki, Ermənistanda hakimiyyətə iddialı olan “Sasna Srer” partiyasnın sədri Jirayr Sefilyanın arvadı bir müddət əvvəl sosial şəbəkədə Qarabağdan Ermənistana köçən erməniləri sərt şəkildə təhqir edərək onları “eşşək” adlandırmışdı.
Nikol Paşinyan Komaryan-Sarqsyan hakimiyyətlərinin buraxdığı izləri silə bilmədi
Əslində isə bu cür situasiyalar Ermənistanda ilk dəfədir ki, baş vermir və hətta uzun illərə söykənən ənənəyə çevrilib. Bunun isə daha bir səbəbi Ermənistana son 30 ildə Azərbaycan doğumlu və Qarabağ əsilli ermənilərin rəhbərlik etmələri olub. Ölkəni uçuruma yuvarlayan, demoqrafik partlayışa gətirən də Korçaryan-Saqrsyan rejimləridir ki, hətta Nikol Paşinyan Ermənistan vətəndaşı olmasına rəğmən, onların qoyub-getdiyi vəziyyətdən çıxış yolu tapmağı bacarmadı. Üstəlik, Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti, eləcə də ikinci Qarabağ müharibəsində uğradıqları ağır, sarsıdıcı məğlubiyyətin də əsas kökləri necə deyərlər, qarabağlı ermənilərin ayaqlarına yazılmaqdadır.
Demoqrafik partlayış demişkən, artıq bu ölkəni tərk edənlərin sayı günü-gündən daha da artmağa başlayıb. Aparılan sosial sorğulardan, ortaya çıxan statistik rəqəmlərdən də belə nəticə hasil etmək olar ki, bu cür davam edərsə Ermənistanda insanları barmaqla saymalı olacağıq.
Sürətlə boşalan ölkə reallığı –rəqəmlərlə
Belə ki, təkcə cari ilin fevral ayında Ermənistanı 58 297 nəfər tərk edib. Bu barədə ölkənin mediaport agentliyinin teleqram səhifəsi yazır. Bildirilir ki, ölkəyə daxil olanların sayı isə 31 901 nəfərdir.
“Ötən ilin analoji müddətində 99 065 vətəndaş ölkəni tərk edib, 96 970 nəfəri isə geri qayıdıb” yazan agentlik hər iki halda gedənlərin çoxluq təşkil etdiyini bildirir və bu ilin fərqinin ötən ilkindən kifayət qədər yüksək olduğunu qeyd edir. “Birtərəfli gedənlər 3 min deyil, 26 mindir”, deyə məlumat verilir.
Söz yox ki, bütün bunlar Ermənistandakı mövcud vəziyyəti bütün çılpqalığı ilə ortaya qoyur və sübut edir ki, hətta özlərinə qarşı iqrçi yanaşmalar edən, vətəndaş qarşıdurmasına gedən ermənilər yalnız siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə qalmayıblar, onların problemləri daha böyuk və ağırdır. Üstəlik, istər Ermənistanın hazırkı rəhbərliyinin yenidən başından böyük iddialarla çıxışlar etmələri, istərsə də revanşist müxalifətçilərin, özü də əksəriyyətinin qarabağlı ermənilərin təşkil etdiyi siyasilərin ortaya çıxmaq cəhdləri mövcud vəziyyəti dalana dirəyir. Hər halda onlar özləri ağıllı davranaraq vəziyyətdən çıxış yollarını da özləri tapmalıdırlar. Əks halda...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB